Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə 26 iyun – Azərbaycan Silahlı Qüvvələri Gününə həsr olunan konsert proqramı hazırlanıb.
Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qoruyan, təhlükəsizliyini və müdafiəsini təmin edən Silahlı Qüvvələrin yaradılmasının 102-ci ildönümünə həsr olunan proqramın çəkilişləri Heydər Əliyev Mərkəzinin interyer və eksteryerində, tamaşaçıların iştirakı olmadan aparılıb.
Xalq artistləri Brilliant Dadaşova, Zülfiyyə Xanbabayeva, İlqar Muradov, əməkdar artistlər Manana Caparidze, Lalə Məmmədova, Nurlan Növrəsli, tanınmış müğənnilər Samirə Allahverdiyeva, Sevda Yəhyayeva, Günay İbrahimli, Ayaz Qasımov, Elnur Məmmədov və Elçin Cəfərov vətənpərvərlik mahnıları təqdim ediblər.
Proqramda Silahlı Qüvvələrin tərkib hissəsi olan Azərbaycan Ordusunun və başqa silahlı birləşmələrin nümayəndələrinin, Qarabağ müharibəsi iştirakçısının fikirləri də əksini tapıb.
Konsert iyunun 26-da saat 21:30-da Azərbaycan Televiziyası (AZTV) və İctimai Televiziyanın efirlərindən yayımlanıb.