AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Neqativ fondunda XX əsrin əvvəllərində Qacar hakimiyyətinə qarşı konstitusiya uğrunda mübarizə aparmış İran məşrutə inqilabının azərbaycanlı liderləri – Səttar xanın, Bağır xanın və məşrutəçilərin əks olunduğu fotoşəkillərin fotoneqativləri qorunur.
Bu barədə muzeyin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Əli Fərhadov məlumat verib.
O bildirib ki, Etnoqrafiya fondunda Səttar xana həsr olunmuş xalça da mühafizə olunur. Yun xalçanın ara sahəsində əlitüfəngli Səttar xanın, yanında Hüseyn bəy Topçunun və Məmməd bəy Topçunun portretləri toxunub, fiqurların başı üstündəki medalyonlarda “Sərdari-milli külli Azərbaycan”, digərində “əməli Abdulla” və “hicri 1326” (1908-ci il) sözləri əks olunub.