Azərbaycanın Türkiyədəki səfirliyinin və Ankarada fəaliyyət göstərən Strateji Düşüncə İnstitutunun birgə təşkilatçılığı ilə “Pandemiyadan sonra beynəlxalq sistem” mövzusunda konfrans təşkil olunub.
Konfransın rəsmi hissəsində Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim və Strateji Düşüncə İnstitutunun başqanı Muhammet Savaş Kafkasyalı çıxış ediblər.
Mustafa Şentop çıxışında bildirib ki, 10 milyondan artıq insanın yoluxduğu, 500 mindən çox insanın həyatına son qoyan koronavirus pandemiyası beynəlxalq münasibətlər sistemindəki ziddiyyətləri bir daha bütün çılpaqlığı ilə nümayiş etdirir. Türkiyə infeksiyaya qarşı tədbirli mübarizə aparmaqla bərabər, humanizm prinsiplərinə söykənərək başqa ölkələrə də yardım göstərir.
Konfransın panel iclasında çıxış edən səfir Xəzər İbrahim koronavirus pandemiyasına qarşı mübarizə istiqamətində Azərbaycanda görülən tədbirlərdən danışıb. Səfir diqqətə çatdırıb ki, Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVİD-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirilib. Eləcə də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü təşkil olunub. Hər iki tədbirdə dünya liderləri Azərbaycanın təşəbbüsünü, mövqeyini və çağırışlarını dəstəkləyiblər. Diplomat çıxışında Azərbaycanın xarici ölkələrə göstərilən yardımlarından da danışıb.
Tədbirdə Rusiya, İngiltərə, Hindistan, İsrail, Braziliya və digər ölkələrin Türkiyədəki səfirləri çıxış ediblər.
Azərbaycanın təşəbbüsü ilə bu mövzuda müzakirələrin aparılmasını yüksək dəyərləndirən səfirlər ölkələrindəki vəziyyət, böhrandan çıxış yolları, tərəflərin üzərinə düşən məsuliyyət və digər məsələlərdən söz açıblar. Diqqətə çatdırılıb ki, postpandemiya dövründə beynəlxalq sistemin mükəmməl qurulması üçün liderlər, siyasi xadimlər, iqtisadçılar, elm və düşüncə adamlarının üzərinə böyük məsuliyyət düşür.