Artıq iyul ayını yaşayırıq. Ənənəvi olaraq, yayın ikinci ayında teatr-konsert müəssisələri mövsümü başa vurur, truppa və kollektivlər sentyabra qədər istirahətə çıxırlar. Amma 147-ci milli mövsümün son aylarını pandemiya və karantin şəraitində yaşamağa məcbur olan Azərbaycan teatrları üçün bu il ənənəvi olmadı. Eləcə də dünyanın əksər teatrları üçün...
Doğrudur, ölkə teatrları şəraitə uyğun olaraq çox retro və cari repertuar tamaşaları ilə virtual formatda fəaliyyətlərini davam etdirdilər. Amma bu, təbii ki, canlı ünsiyyəti, tamaşaçı ilə birbaşa dialoqu əvəz edə bilmədi.
Buna rəğmən teatrlar əsas məqsədə – tamaşaçı-sənət ünsiyyətinə, bu yolla da olsa, nail olmağa çalışdılar.
Biz də mövsümün yekun hesabatlarını aparan teatrlardan son məlumatları xəbər aldıq. Əksər teatrlar mövsümü iyunun sonunda bağlasa da, bəzi sənət ocaqları virtual tamaşa nümayişlərini davam etdirir.
Akademik Opera və Balet Teatrı mövsümü onlayn formatda iyunun 28-də yayımlanan “Məzhəkəçilər” (R.Leonkavallo) adlı ikipərdəli opera ilə bitirib.
Akademik Milli Dram Teatrı isə tamaşaçıları ilə iyulun ikinci həftəsində sağollaşacaq. Hələ ki, retro tamaşalar arasında seçim edən yaradıcı heyət ən çox baxış sayı olan nümunəyə üstünlük verəcək.
Akademik Musiqili Teatr da mövsümünü iyulun 15-də bitirəcək. Tamaşaçılar üçün maraqlı layihələrini davam etdirən yaradıcı heyət “Youtube” kanalı vasitəsilə “Qrim otağı” adlı verilişlərinin üçüncü buraxılışını təqdim edir.
Qeyd edək ki, bu layihə teatrın yeni yaradılan studiyasında hazırlanır və bundan sonra da maraqlı buraxılışları ilə tamaşaçıların zövqünü oxşayacaq. Layihənin rəhbəri və rejissoru Samir Qulamov, operator və montajçı Hikmət Şahverdizadədir.
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı tamaşaçıları ilə yeni mövsümədək sağollaşıb.
Dövlət Gənc Tamaşaçılar Teatrı isə iyulun ilk ongünlüyü üçün onlayn repertuarını təqdim edir. Tamaşaçılar teatrın sosial şəbəkə hesablarından “Tıq-tıq xanım”, “Dörd əkizin nağılı”, “Şelkunçik”, “Göyçək Fatma”, “Uzuncorab Pippi” və başqa nümunələri izləyə bilərlər. Teatr mövsümü iyulun 10-da “Buzovna kəndinin əhvalatları” (Elçin) tamaşasının nümayişi ilə bitirəcək.
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı 88-ci teatr mövsümünə iyulun 12-də nümayiş olunacaq “Qızıl balıq” (A.S.Puşkin) tamaşası ilə yekun vuracaq.
Yuğ Dövlət Teatrının onlayn repertuarda son nümayişi iyunun 27-də təqdim olunan “Naməlum Axundzadə” tamaşası olub.
Dövlət Pantomima Teatrı əsasən arxiv tamaşalarına yer ayırdığı onlayn formatda nümayişləri 28 iyunda “Eşq”lə (B.Xanızadə) başa çatdırıb.
Bakı Uşaq və Gənclər Teatrı ənənəsinə sadiq qalıb. Hər il olduğu kimi, bu il də teatr mövsümü iki tamaşanın (böyüklər və uşaqlar üçün) nümayişi (sosial şəbəkə üzərindən) ilə başa vuracaq. 18-ci mövsümün yekunu balacalar üçün 9 iyulda (saat 12:00) “Ağıllı tülkü”, böyüklər üçün isə 10 iyulda (saat 19:00) “Sevgi şimşəyi” təqdim olunacaq.
Şuşa Dövlət Musiqili Teatrı, İrəvan Dövlət Azərbaycan Dram Teatrı da iyunun sonundan virtual səhnədə tamaşaçılardan ayrılıblar.
Sumqayıt Dövlət Dram Teatrı isə mövsümünü iyulun 12-də “Gəlin, açıq danışaq”la (Ş.Qəribli) bağlayacaq. Tamaşaçılar qarşıdakı günlərdə teatrın sosial şəbəkə ünvanlarından daha bir neçə səhnə nümayişini (“Varlı ev”, “Dünyaxanım ev axtarır”, “Ağa Məhəmməd şah Qacar”, “Dəmir qadın”, “Qocaların məhəbbəti”) izləyə bilərlər.
Göründüyü kimi, pandemiya teatrlarımızı real yaradıcılıq imkanından məhrum edib. Hər il mövsümü təntənəli tədbirlərlə, müxtəlif mükafatlandırma mərasimləri ilə başa vuran sənət ocaqlarımız artıq ümidlərini pandemiyasız yeni mövsümə bağlayıblar. “Burada və indi” prinsipi ilə yalnız canlı ünsiyyətlə real mövcudiyyət yaşaya bilən teatr tamaşaçısı üçün, elə tamaşaçı da teatrı üçün darıxıb.
HƏMİDƏ