Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə heyəti Fransanın Azərbaycandakı səfirliyinə və Kann Film Festivalının rəhbərliyinə etiraz məktubu göndərib. Bu barədə ittifaqın mətbuat xidmətinin rəhbəri Əli Vəliyev bildirib.
Məktubda diqqətə çatdırılır ki, erməni rejissor Nora Martirosyanın73-cü Kann Film Festivalına təqdim olunan “Əgər külək əsərsə” (“Si Le Vent Tombe”) adlı filmində hadisələr Azərbaycanın işğal altındakı torpaqlarında, qondarma “Dağlıq Qarabağ Respublikası”nda cərəyan edir və film ölkəmizə, xalqımıza qarşı düşmənçilik hissinin gücləndirilməsinə xidmət edir.
“Bu kinolentin yaradıcıları xalqlar arasında düşmənçiliyi daha da qızışdırmaq, Azərbaycana, öz doğma torpaqlarına dönmək həsrəti ilə yaşayan xalqımıza qarşı nifrət hissini artırmaq niyyətlərini heç də gizlətmək istəmirlər. Bu baxımdan, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı dünya dövlətləri, beynəlxalq təşkilatlar tərəfindən tanınmayan qondarma rejimin bədnam ideoloji niyyətlərini Fransa ictimaiyyətinə və digər ölkələrin vətəndaşlarına sırımaq məqsədi daşıyan filmin Kann Festivalında nümayişinin baş tutmaması üçün əlindən gələni əsirgəməyəcək. Ümidvarıq ki, istəyimizə nail ola biləcəyik” – Ə.Vəliyev bildirib.
Xatırladaq ki, bundan öncə Azərbaycan Yazıçılar Birliyi sözügedən filmin Kann Film Festivalına təqdim olunması ilə bağlı festivalın rəhbərliyinə və Fransanın ölkəmizdəki səfirliyinə etiraz məktubu ünvanlamışdı.