Rusiyanın Tolyatti şəhərində yaşayan azərbaycanlı rəssam Bayram Salamovun art-qalereyasında ustad dərsləri mövsümü başlanır. Bu barədə məlumatı rəssam “Facebook” səhifəsində bölüşüb.

Bayram Salamov Şəkinin Qoxmuq kəndində dünyaya göz açıb. 1986-cı ildə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini bitirib. 1990-cı ildən Tolyatti şəhərində yaşayır. Tolyatti, Çelyabinsk, Samara (Rusiya), Praqa (Çexiya), Limassol (Kipr) və digər şəhərlərdə fərdi sərgiləri keçirilib. Ötən ilin noyabr ayında Saranskda (Rusiya) “Nar çiçəyi” adlı sərgisi olub.

Rəssamın Bakıda ilk fərdi sərgisi 2014-cü ildə “1969” qalereyasında təşkil edilib. Bayram Salamov bir çox mükafatlara layiq görülüb. O, Rusiya Rəssamları Yaradıcılıq İttifaqının və Beynəlxalq Rəssamlar Federasiyasının üzvüdür. Əsərləri Almaniya, Çexiya, İsveç, İtaliya, Kanada, İrlandiya və Böyük Britaniyada fərdi kolleksiyalarda saxlanılır.