Misirin paytaxtı Qahirədə yerləşən “Baron qalası” abidəsi ictimaiyyət üçün açıq elan edilib. Hind məbədi üslubunda inşa edilən qeyri-adi tikilinin bərpadan sonra ilk ziyarətçiləri media mənsubları olub.
Onlayn rejimdə keçirilən açılış mərasiminə videokonfrans vasitəsilə Misir Prezidenti Əbdülfəttah əl-Sisi də qatılıb.
Tikilinin açılışı hələ ötən il baş tutmalı idi. Ancaq 2017-ci ildə başlanan restavrasiya işləri büdcəyə 175 milyon Misir funtuna (10 milyon dollardan çox) başa gəldiyindən uzanıb və yalnız bu il sona çatdırılıb. Abidənin orijinal görünüşünün bərpa edilməsi köhnə fotoşəkillərə və xəritələrə, habelə planlara əsasən aparılıb.
Misirdə pandemiyanın turizm və səyahətlər sektoruna vurduğu ziyanı aradan qaldırmaq üçün tədbirlər tarixi-mədəni irs sahəsini də əhatə edir.
Ölkənin qədim abidələri və muzeyləri İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İCESCO) irs portalında, habelə “Rəqəmsal ev” layihəsi vasitəsilə nümayiş etdiriləcək. Bu barədə Misirin Turizm və Qədim Abidələr naziri Xalid əl-Ənani və İCESCO-nun baş direktoru Salim əl-Malik arasında videokonfrans vasitəsilə keçirilən müzakirələrdə məlumat verilib.
Misirli nazir İCESCO və UNESCO-nun Qahirədə regional mərkəzinin açılması təklifini irəli sürüb. Bundan başqa, İCESCO-nun baş direktoru və Misirin naziri qədim abidələrin mühafizəsi, sənədləşdirilməsi və bərpası üzrə əməkdaşlıq barədə razılıq əldə ediblər. Qeyd olunub ki, yaxın vaxtlarda istifadəyə veriləcək möhtəşəm Böyük Misir Muzeyində fəaliyyət göstərəcək qədim abidələrin bərpası üzrə mərkəz İslam dünyasında ən təcrübəli mütəxəssisləri cəlb edəcək.
CAVİD