Rusiyada hər iki məsələ müzakirəyə çıxarılıb

Pandemiya yaşayan ölkələr karantindən tədrici çıxış ilə yanaşı, bu dövrdə xüsusilə ağır ziyan görən mədəniyyət sahəsində də fəaliyyəti bərpa etməyin yollarını arayırlar.

Rusiyanın Mədəniyyət naziri Olqa Lyubimova ölkədə kinoteatrların fəaliyyətinin bərpa olunacağı tarixlə bağlı açıqlama verib. Məlumata görə, kinoteatrlar 15 iyuldan sonra açıla bilər. Lakin bu proses hər region üzrə epidemioloji vəziyyətdən asılı olaraq reallaşa bilər. İlk növbədə Moskva Mədəniyyət Departamenti kinoteatrların fəaliyyətinin bərpasına səy göstərəcək.

Hazırda məsələ ilə bağlı mütəmadi olaraq yerli distributorlar, prodüser və kino şəbəkəsinin nümayəndələri ilə müzakirələr aparılır. Fikirlər müxtəlifdir. Tamaşaçıların yerləşdirilməsi məsələsinə yanaşmalar da. Film istehsalçıları şahmat formasında tamaşaçı yığımına rəy versələr də, bəziləri bunun əleyhinədir,  bəzi sənətkarlar isə, ümumiyyətlə, kinoteatrların belə yarımçıq fəaliyyətini dəstəkləmir və bu məkanların pandemiya tam bitikdən sonra açılmasının tərəfdarıdır.

Rusiya Mədəniyyət Nazirliyi isə bütün rəyləri nəzərə alaraq regionlar üzrə  kinoteatrların fəaliyyətini iyulun ortalarından bərpa etmək fikrindədir.

Onu da qeyd edək ki, ötən həftə Rusiya ərazisində açıq havada konsert keçirilməsi ilə bağlı məsələ də müzakirəyə çıxarılıb və bununla bağlı İstehlakçı hüquqlarının qorunması üzrə Federal Xidmətə (Роспотребнадзор) icazə üçün müraciət olunub.  Epidemioloji vəziyyətdən asılı olaraq istirahət mərkəzlərində açıq hava konsertlərinin keçirilməsini həm əhali, həm də ifaçılar arzu edir.

Lalə AZƏRİ