Respublika Gənclər Kitabxanası elm, mədəniyyət, incəsənət xadimləri ilə evdən canlı yayımları davam etdirir. Kitabxananın “İnstagram” səhifəsində “Sevilənlər, sevənlər” rubrikası altında keçirilən növbəti canlı yayımın qonağı kitabxanaçı, pedaqoq, Azərbaycan Yazıçılar Birliyinin üzvü İradə Əlili olub.
Qonaq kitabxanaçılıq sahəsində olan fəaliyyəti haqqında geniş məlumat verib, Mədəni-Maarif Texnikumunda, kitabxanaçıların ixtisasartırma kurslarında pedaqoji fəaliyyətindən bəhs edib, yaradıcılığına dair sualları cavablandırıb, müəllifi olduğu “Xocalı şahidləri danışır” kitabı haqqında məlumat verib. Canlı yayım istifadəçilərinin istəklərini nəzərə alaraq, şairə son günlərdə qələmə aldığı “Yorulmuşam” şeirini səsləndirib. Sonda İradə Əlili kitabxananın kollektivə təşəkkürünü bildirib.
***
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi karantin şəraitində əhalinin asudə vaxtının təşkili, özünüinkişafının təmin edilməsi məqsədilə müxtəlif təşəbbüslər irəli sürüb. İdarədən bildirilib ki, bu çağırışlar içərisində #evdeqalresmcek, #evdeqalelisleri kimi təşəbbüslər də var.
Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) 3 nömrəli filialının oxucuları Natəvan Kəlbiyeva, Fidan Qafarova və Aytac Həsənova öz əl işləri ilə bu çağırışlara qoşulublar. Kitabxana mütəmadi olaraq internet üzərindən əlaqə saxladığı istedadlı oxucularının əsərləri əsasında virtual sərgi təşkil edərək onu sosial mediada paylaşıb.
***
Paytaxtın Xəzər rayonunun Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli filialının “#kitabxanaçıtövsiyəedir” rubrikası davam edir. Kitabxana öz oxucularını dünya ədəbiyyatı incilərindən olan əsərlər haqqında məlumatlandırır. Bu dəfə kitabxana Etel Lilian Voyniçin “Ovod” romanına müraciət edib. Din, inqilab, romantika və qəhrəmanlıq haqqında bu məşhur əsər bir əsrdən artıqdır ki, böyük maraqla qarşılanır və oxucularda güclü emosiyalar yaradır.
***
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS tərəfindən həyata keçirilən “Yaradıcı oxucularımız” layihəsinə qoşulan yazıçı və şairlər qələmə aldıqları əsərlərini təqdim edirlər.
MKS-dən bildirilib ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü, H.Zərdabi mükafatçısı Gülzar İbrahimova “Dünyanın himni uşaq qığıltısıdır” adlı yeni nəşr olunmuş kitabını PDF formatında kitabxanaya təqdim edib. Gülzar İbrahimova uşaqlar arasında nağıl yazarı – “Gülzar nənə” kimi tanınır və sevilir. COVİD-19 pandemiyası dövründə yeni kitabını oxuculara hədiyyə edən yazıçı “Biz birlikdə güclüyük!”, “Evdə qal, Azərbaycan!” çağırışına dəstək olduğunu bildirir.
Yeni nəşr 3-6 yaşlı uşaqlar üçün nəzərdə tutulur. Bu kitabda Gülzar İbrahimovanın “YouTube” kanalında bir milyon baxış toplamış “Dəcəl Keçəl” nağılı, 4 şeir-nağılı, 18 şeiri və 1 mahnısı toplanıb.