Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY Qazaxıstan Respublikasının birinci Prezidenti – Elbası (milli rəhbər) Nursultan Nazarbayevin 80 illik yubileyini musiqili proqramla təbrik edib.
Layihənin icrası TÜRKSOY-un Ankaradakı qərargahından distant yolla təmin olunub.
Təbrik proqramına TÜRKSOY-un Xalq çalğı alətləri orkestri ilə bərabər, Qazaxıstanın “Korkıt” və “Sazgən sazı” folklor musiqi qrupları da qatılıb.
Proqramda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Rusiya Federasiyasının Başqırdıstan, Tatarıstan və Saxa-Yakutiya bölgələrini, Moldovanın Qaqauz Yeri muxtar bölgəsini təmsil edən 50-dək sənətçi iştirak edib.
TÜRKSOY-un musiqi layihələrinin rəhbəri Arman Nurmahamatuli tərəfindən idarə olunan proqramda sözləri Nursultan Nazarbayevə məxsus “Üş konır” mahnısı ifa olunub.
Qeyd edək ki, iyulun 6-da Nursultan Nazarbayevin 80 yaşı tamam olub. O, 30 il – (1989–2019) Qazaxıstana rəhbərlik edib.
Bu yaxınlarda koronavirusa yoluxduğu xəbər verilən Nazarbayevin artıq sağaldığı bildirilir. Bu barədə iyulun 2-də sabiq Prezidentin mətbuat katibi Aydos Ukibay məlumat verib.
6 iyul eyni zamanda Qazaxıstanın yeni paytaxtının “doğum günü”dür.
1994-cü il iyulun 6-da Qazaxıstanın Ali Soveti paytaxtın Almaatı şəhərindən Akmola (1998-ci ildən Astana) şəhərinə köçürülməsi haqqında qərar qəbul edib. 2019-cu ildən paytaxt Nur-Sultan adlanır.
Mehparə SULTANOVA
Ankara