Maestro Morrikone 92 yaşında vəfat edib

İtaliyanın dünya şöhrətli bəstəkarı, dirijor, aranjimançı, bir çox klassikləşmiş filmlərə unudulmaz musiqilər yazan Ennio Morrikone (Ennio Morricone) iyulun 6-da 92 yaşında vəfat edib. Qocaman sənətkar bir müddət əvvəl yıxılaraq ağır zədə almışdı və müalicə olunduğu Roma klinikalarının birində dünyasını dəyişib.

10 noyabr 1928-ci ildə anadan olan Ennio Morrikone İtaliya, İspaniya, Fransa, Almaniya, Rusiya və ABŞ-da çəkilmiş 400-dən çox film və seriala musiqi bəstələyib. Onlardan “Bir dəfə Amerikada”, “Professional”, “Yaxşı, pis və qəddar”, “Bir dəfə vəhşi Qərbdə”, “Malena”, “Dekameron”, “Lolita”, “Kill Bill” və digər filmlər dünya kinematoqrafiyasının şedevrlərinə çevrilib.

Bəstəkar 2016-cı ildə “Nifrət edilən səkkizlik” filminə yazdığı musiqiyə görə “Ən yaxşı saundtrek” nominasiyasında “Oskar” mükafatına layiq görülmüşdü. 2007-ci ildə ona fəxri “Oskar” mükafatı verilmişdi.

Morrikone, həmçinin 3 dəfə “Qızıl qlobus”, 6 BAFTA (Britaniya Kino Akademiyasının mükafatı), 9 dəfə “Qızıl David” (İtaliyanın milli kino mükafatı) mükafatlarını qazanıb.

Dünyanın bir sıra orkestrləri ilə çıxış edən maestro Morrikone 2014-cü ildə Azərbaycanda da səfərdə olmuş, yanvarın 25-də Heydər Əliyev Sarayında geniş konsert proqramı təqdim etmişdi. “Buta” İncəsənət Mərkəzinin təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin, İtaliyanın Azərbaycandakı səfirliyinin dəstəyi və “Fireland Vineyards” və “Nar Mobile” şirkətlərinin sponsorluğu ilə keçirilən konsertdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Xor Kapellası Ennio Morrikone ilə eyni səhnəni bölüşmüşdü.

“Bütün konsertlərim mənim üçün bayramdır, xoş, həyəcan dolu hisslər, eyni zamanda narahatlıq və gərgin iş atmosferi deməkdir. Filmlərə musiqi bəstələyərkən də eyni hissləri yaşayıram. Filmin rejissoru ilə məsləhətləşirəm, ekran əsərinin janrını və digər vacib məsələləri dəqiqləşdirirəm. Təbii ki, hər bir bəstədə mənim öz yanaşmam, çatdırmaq istədiyim hisslər də yer alır”, – deyə dünya şöhrətli musiqiçi Bakıda keçirdiyi mətbuat konfransında bildirmişdi.

SƏBİNƏ