“Mədəniyyət” telekanalında “Tətil vaxtı” adı ilə efirə gedən veriliş məktəblilərin yay tətili dövründə həftənin II və VI günləri (saat 12:20) yayımlanacaq.

Təhsil Nazirliyinin təşəbbüsü ilə yayımlanan proqramda məktəblilərin yaradıcılıq qabiliyyətlərinin inkişafı üçün rəqs, rəsm, bacarıqlı əllər, bədii qiraət, ifa, biçmə-tikmə və s. sahələr üzrə dərslər təqdim edilir.

Eyni zamanda şagirdlərin yay aylarını səmərəli və maraqlı keçirməsini təmin etmək məqsədilə “Virtual məktəb” platforması üzərindən məktəblilər üçün təşkil olunan məktəbdənkənar dərnəklərin fəaliyyəti davam etdirilir. “Bədii qiraət”, “Şahmat”, “Xalq çalğı alətləri”, “Rəqs”, “Toxunma əl işləri”, “Bacarıqlı əllər” kimi istiqamətlər üzrə dərnəklərə səkkiz minə yaxın məktəbli qoşulub.