Tarixçi alim, Milli Məclisin deputatı Əziz Ələkbərlinin “Qərbi Azərbaycanda soyqırımına məruz qalmış toponimlərimiz” adlı kitabı iyulun 10-da Yeni Azərbaycan Partiyası İcra Katibliyinin təşkilatçılığı ilə videokonfrans formatında təqdim edilib.
Təqdimatda çıxış edən Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov bildirib ki, Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi hücum diplomatiyasının ən vacib məqamlarından biri tarixi həqiqətlərin dünyaya çatdırılması, ermənilər tərəfindən saxtalaşdırılmasının ifşa edilməsidir. Əli Əhmədov deyib ki, saxtakarlıq erməni millətçilərinin xislətinə çevrilib: “Saxtakarlıq tarixən ermənilərin mənimsədiyi məşğuliyyətlərdən biridir. Özlərinin maraqları naminə vicdan əzabı çəkmədən, tarixi hadisələri saxtalaşdırıblar. Tarixin saxtalaşdırılması ermənilərin işğalçı siyasətinin tərkib hissəsi kimi dəyərləndirilməlidir. Onlar işğal etdikləri torpaqların tarixini dəyişmək üçün də tarixi təhrif edir, guya özlərinə məxsus olması üçün yanlış təsəvvür yaratmağa çalışırlar. Tariximizlə yanaşı, mədəniyyətimizə də ermənilər tərəfindən təcavüz edilib və bu gün də edilməkdədir. Bu baxımdan, təqdim olunan kitab bir tərəfdən Prezident İlham Əliyevin Azərbaycan tarixinin dərindən öyrənilməsi ilə əlaqədar səsləndirdiyi tövsiyələrə cavabdırsa, digər tərəfdən tariximizin ermənilər tərəfindən təhrif edilməsinin miqyası ilə əlaqədar təsəvvürlərimizin daha da aydınlaşmasına kömək göstərir”.
Diqqətə çatdırılıb ki, kitabda saxtalaşdırmaya, tarixi soyqırımına məruz qalan minə yaxın toponimimiz barədə məlumat verilir. Bu toponimlər dəyişdirilərkən özündən əvvəl mövcud olmuş, azacıq da olsa, tarixi kökə məxsus olmuş toponimlə əvəz edilməyib. Yeni adların heç birinin tarixlə əlaqəsi yoxdur. Bu, sübut edir ki, ermənilər azərbaycanlıların ərazilərini əllərinə keçirdikdən sonra real tarixi bütünlüklə yox etmək kimi çirkin yol seçiblər. Kitab tariximizin çox vacib hissəsinin hər birimiz, xüsusilə gənclərimiz tərəfindən yaxşı mənimsənilməsi üçün gözəl vəsaitdir.
Kitabın tərtibçisi Əziz Ələkbərli çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin tarixi faktlara, sənədlərə istinadən beynəlxalq tribunalardan səsləndirdiyi Azərbaycan həqiqətləri ermənilərin əsrlər boyu dünyaya yaydıqları tarixi yalanları ifşa edir. Bu həqiqətlər sırasında son iki əsrdə Cənubi Qafqazda yeridilən erməniləşdirmə siyasəti nəticəsində bölgəyə və bölgə xalqlarına gətirilən çoxlu bəlalar, münaqişə, müharibə, deportasiya və soyqırımları xüsusi yer tutur.
Tədqiqatçının sözlərinə görə, 1918-ci ildə Azərbaycan torpaqları hesabına “Ararat Respublikası” adlı dövlət yaratmaq fürsəti əldə etmiş ermənilər dərhal öz əsl simalarını ortaya qoyaraq bu tarixi ərazinin yerli sakinləri olan azərbaycanlılara qarşı kütləvi soyqırımı həyata keçirməyə, dinc əhalini qəddarlıqla və kütləvi şəkildə məhv etməyə başlayıblar. Sonra tarixi mənbələr saxtalaşdırılıb, bu ərazilərdə nə varsa hamısı mənimsənilib, abidələrimiz, toponimlərimiz erməniləşdirilib. Kitabda tarixi yurd yerlərimiz olan Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisində ermənilər tərəfindən adı dəyişdirilmiş 953 toponimin – oykonim, oronim və hidronimin siyahısı verilib. Bu toponimlər Ermənistan SSR-in soydaşlarımızın sonuncu deportasiyasına qədərki inzibati ərazi bölgüsü – rayonları üzrə qruplaşdırılıb, Qafqaz Hərbi Dairəsinin 1903-cü il hərbi-topoqrafik xəritəsindən hər rayona uyğun hissələr verilib. Kitaba daxil edilmiş toponimlər hər bir toponimin “köhnə adı”, “yeni adı” və “dəyişdirilmə tarixi” (bu dəyişdirilmə ilə bağlı Ermənistan SSR Ali Soveti fərmanının tarixi) üzrə qruplaşdırılıb.
AMEA-nın Naxçıvan bölməsinin sədri İsmayıl Hacıyev çıxışında bildirib ki, kitab erməni saxtakarlığının ifşa edilməsində vacib elmi mənbədir. Kitabın xüsusi əhəmiyyəti ondadır ki, burada təqdim olunmuş sənədlər çar Rusiyasının hazırladığı xəritələrə əsaslanır.
Milli Məclisin komitə sədri, YAP Siyasi Şurasının üzvü Musa Quliyev tədqiqatçı alim Əziz Ələkbərlinin bu istiqamətdə sanballı əsərlər yazdığını bildirib. Qeyd edib ki, Azərbaycan Prezidentinin çağırışı əsasında YAP-ın layihəsi olaraq nəşr edilmiş bu kitab mühüm elmi əsərdir. M.Quliyev təklif edib ki, kitabın elektron versiyası hazırlansın, rus və ingilis dillərinə tərcümə olunaraq internetdə yerləşdirilsin.
Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli kitabın elmi nöqteyi-nəzərdən əhəmiyyətini vurğulayıb. Ə.Hüseynli sovetlər hakimiyyəti dövründə ermənilərin toponimlərin adlarını mərhələlərlə dəyişdirdiklərini deyib və bunu faktlarla diqqətə çatdırıb. Onun sözlərinə görə, ümummilli lider Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra ermənilər toponimlərimizin dəyişdirilməsinə cəsarət etməyiblər. 1969-1979-cu illərdə həmin ərazilərdə heç bir yer adı dəyişdirilməyib. Birinci vitse-spiker qeyd edib ki, azərbaycanlıların indiki Ermənistan ərazisindən deportasiyası alimlərimiz tərəfindən daha dərindən araşdırılmalı və elmi-tarixi əsərlər ortaya qoyulmalıdır.
YAP İdarə Heyətinin üzvü, akademik Abel Məhərrəmov, akademik Fikrət Əliyev və professor Şahlar Əsgərov da kitabın əhəmiyyətini qeyd edərək bu cür nəşrlərin xarici dillərə tərcümə olunmasının vacibliyini vurğulayıblar.
Tədbirə yekun vuran YAP sədrinin müavini Əli Əhmədov kitabın elektron versiyasının hazırlanmasının, rus və ingilis dillərinə tərcüməsinin nəzərdə tutulduğunu bildirib.