1921-ci ildə, Türkiyədə müstəqillik və suverenlik uğrunda savaşın getdiyi bir dönəmdə, ölkənin gələcək tərəqqisi və mədəni-maarif tarixi üçün çox önəmli bir tədbir də tarixin səhifələrinə köçdü. Bu, Türkiyə Cümhuriyyətinin qurucusu, həmin vaxt Türkiyə Böyük Millət Məclisinin başqanı olan Mustafa Kamal Atatürkün təşəbbüsü ilə düzənlənən Maarif Konqresi idi.
Türkiyə Təhsil üzrə Azad Həmkarlar İttifaqının (Türk Eğitim-Sen) təşəbbüsü ilə bu tarixi konqresin gələn il 100 illik yubileyi qeyd olunacaq, bu çərçivədə II Maarif Konqresi keçiriləcək. Türk Eğitim-Senin baş direktoru Talip Geylanla söhbətimiz Türkiyə Cümhuriyyətinin mədəni-maarif tarixi, qurumun gördüyü işlər barədə oldu. Söhbətə isə yüz il əvvəl gerçəkləşən konqresdən körpü saldıq.
– Talip bəy, yüz il sonra II Maarif Konqresi keçirmək təşəbbüsü necə yarandı?
– 15 iyul 1921-ci ildə Mustafa Kamal Atatürk Ankara şəhərində Birinci Maarif Konqresini toplayır. Bildiyiniz kimi, həmin dönəmdə Qurtuluş savaşı davam edirdi, İstanbul daxil olmaqla ölkənin bir hissəsi işğal altında idi. Qazi Mustafa Kamal Paşa İstiqlal savaşının ən qızğın olduğu bir zamanda, bir yandan müstəqillik uğrunda mübarizəyə rəhbərlik edirdi, digər tərəfdən də təhsil sahəsində fəaliyyətə başlamışdı. Türkiyənin dörd bir tərəfindən müəllimləri, maarif müfəttişlərini Ankarada bir araya gətirərək bu konqresi düzənləyir. Hətta konqresin 15 gün davam etməsi planlaşdırılsa da, yunanların hücumları Ankara üçün təhlükə yaratdıqdan sonra işini dayandırıb, yəni tamamlanmayıb. Bununla belə, bu, Türkiyənin cümhuriyyət quruculuğu tarixində mühüm bir hadisə idi. Biz də Türkiyə Təhsil Həmkarlar İttifaqı olaraq belə bir şərəfli missiyanı öz üzərimizə götürdük. Yəni, 100 il sonra, 2021-ci ilin 13-18 iyulunda bu tədbiri Ankarada keçirməyi planlaşdırırıq.
– İkinci Maarif Konqresi necə təşkil olunacaq, hansı tədbirlər nəzərdə tutulub, nə kimi yeniliklər gözləyirsiniz?
– Öncə Türkiyənin bölgələrində, ilçələrdə (rayon – red.) konqresə hazırlıq işləri həyata keçiriləcək. Sonra yerlərdən gələn hesabatlar şəhərlərdə, il (vilayət) mərkəzlərində dəyərləndiriləcək. Daha sonra hər şəhərdən bir təmsilçi Ankaraya gələcək və konqresi keçirəcəyik. Eyni zamanda elm adamları da konqresdə məruzələrlə çıxış edəcəklər. Toplantıda məktəbəqədər təhsildən ali təhsilə, xaricdə yaşayan türklərin təhsilindən yaşlıların təhsilinə, ümumi təhsildən türkcə təhsilə qədər bütün sahələr əhatə olunacaq, seminarlar düzənlənəcək. Konqresdən sonra bütün elmi məruzələri kitab halında çap edəcəyik. Bundan başqa, rəsm və fotosərgi düzənləməyi, rəsm müsabiqəsi keçirməyi də düşünürük. Bir sözlə, zəngin bir proqram gözlənilir.
– Rəhbəri olduğunuz Beynəlxalq Avrasiya Həmkarlar İttifaqı Birliyi və Türk Eğitim-Senin işbirliyi əsasında Türk dünyası üzrə bir sıra layihələr gerçəkləşdirilir. COVİD-19 pandemiyası dövründə bu tədbirləri necə düzənləməyi düşünürsünüz?
– Beynəlxalq Avrasiya Həmkarlar İttifaqı Birliyi və Türk Eğitim-Sen tərəfindən biz hər il ölkələrarası elmi simpozium və konfranslar təşkil edirik. Bu il isə beşinci belə tədbiri keçirməyə hazırlaşırıq. Bu tədbirlər Beynəlxalq Avrasiya Həmkarlar İttifaqları Birliyinə üzv qurumların təmsilçilərinin yardımı ilə Antalyada baş tutur. Bu il 7-10 noyabrda “Bilge Tonyukuk ili”nə həsr edilən Türk Dünyası Təhsil Elmləri və Sosial Elmlər Konfransını da Antalyada keçirməyi düşünürük. Əgər o zamana qədər pandemiya imkan versə, konfransı canlı olaraq keçirəcəyik. Əks halda ya internet üzərindən olacaq, ya da tədbirin vaxtını dəyişəcəyik. Hələlik hazırlıq işləri davam edir. Təbii ki, bizim üçün ən önəmlisi insan sağlamlığıdır.
– Bu il üçün daha hansı tədbirləri qeyd edə bilərsiniz?
– Toplumun düşüncələrinin və duyğularının tərcümanı olan mədəniyyət, sənət və ədəbiyyat kimi sahələrdə fəaliyyət göstərən insanların varlığı toplumun mənəvi qida almasını təmin edir. Yusif Akçura, İsmayıl Qaspıralı, Ziya Göyalp, Mehmet Akif Ersoy kimi önəmli düşüncə, ədəbiyyat adamları Osmanlı dövlətinin son dönəmlərindən gənc Türkiyə Cümhuriyyətinə keçməmizdə türk toplumunu zehni baxımdan və duyğusal olaraq hazırlayıb.
Bu dönəmin güclü isimlərindən biri də Ömər Seyfəddindir. O, 36 illik qısa ömür yaşayıb, yazdığı əsərlərlə millətə xidmət edib. Biz də Türk Eğitim-Sen olaraq “Ölümünün 100-cü ilində Ömər Seyfəddin xatirəsinə hekayə yarışı” layihəsini gerçəkləşdirdik və bu müsabiqədə qalib olan əsərləri elektron kitab formatında yayımladıq. Ömrünü türk mədəniyyətinə həsr edən Ömər Seyfəddini yad etməyi həm də özümüzün milli vəzifəmiz hesab etdik. Əvvəlki illərdə də, məsələn, Çanaqqala savaşının 100-cü ildönümü və milli mücadilənin başlanğıcının 100-cü ilinə həsr edilən müsabiqələr keçirmişik. Yəni məqsədimiz tariximizdəki önəmli hadisələri, insanları gənc nəsillərə tanıtmaq, dönə-dönə xatırlatmaq, nəticədə keçmişlə gələcəyin qucaqlaşmasına bir vəsilə olmaqdır.
– Bu yaxınlarda Türk Eğitim-Senin qurulmasının 28-ci ili tamam oldu...
– Bu il, məlum vəziyyətə görə, genişmiqyaslı tədbirlər keçirə bilmədik. Əgər pandemiya olmasaydı, təşkilatın quruluşundan bu günə qədər qurumda zəhmət çəkən hər kəsi dəvət edər, bir araya gələrdik. Amma bu imkanımız olmadı. İnternet üzərindən, videokonfransla üzvlərimiz və çalışanlarla fikirlərimizi paylaşdıq. Sosial media üzərindən paylaşımlar etdik. Türk Eğitim-Sen hüquqlar uğrunda mübarizənin cəsarətli səsi, Türkiyənin milli qalasıdır. Ümid edək ki, gələn il daha təmtəraqlı toplantı keçirmək imkanımız olacaq.
Hazırda məcburən öz fəaliyyətimizi virtual formatda, rəqəmsal düzəndə gerçəkləşdirməyə başlamışıq. Əslində, dünyamız buna doğru gedir. Amma pandemiya bunu sürətləndirdi. Eyni anda 5-6 min insanın izlədiyi videokonfranslarımız oldu. Gördüm ki, internet üzərindən çalışmaq çox böyük bir imkandır və biz bundan yararlandıq. Düşünürəm ki, pandemiya bitdikdən sonra da belə bir ortamda çalışmaq bütün həmkarlar təşkilatlarının önəmli bir iş üsulu olacaq.
Mehparə SULTANOVA
Ankara