Fransanın Milli İrs və Memarlıq Komissiyası Parisdəki Notr-Dam kilsəsinin ötənilki yanğından sonra bərpası ilə bağlı qərar vermək üçün bir araya gəlib. Mütəxəssislər kilsənin şpil (qüllə) hissəsi və qəzadan əvvəl ağacdan hazırlanmış damın və onun çərçivəsinin yenidən qurulması məsələsini müzakirə ediblər.
XIX əsrdə memar Eugene Viollet-le-Dukun inşa etdiyi damörtüyünün eynilə bərpası üçün bu işi görəcək mütəxəssislər arasında yekdil fikir mövcuddur.
Parisin qotik üslublu incisi sayılan Notr-Dam kilsəsinin 2019-cu il aprelin 15-də yanğın zamanı dağılan damörtüyü bərpa olunarkən onun əvvəlki görkəmi özünə qaytarılacaq.
Qeyd edək ki, kilsədə ilk şpil 1250-ci ildə inşa edilib və uçmaq təhlükəsi ilə üzləşdiyindən 1786-1792-ci illərdə demontaj olunub. XIX əsrdə damörtüyünün bərpasına cavabdeh olan Eugene Viollet-le-Duk kilsənin üstünü bağlamaq üçün yerdən 93 metr hündürlüyündə taxta və 750 ton qurğuşundan istifadə edərək yeni şpil inşa edib.
Lakin mütəxəssislər yanğın zamanı divarları və konstruksiyası zəifləmiş kilsənin damı üzərində qurulacaq yeni şpilin hansı ölçüdə və ağırlıqda olacağı ilə bağlı hələ yekun fikrə gəlməyiblər. Təmir işlərinin 2024-cü ildə başa çatması planlaşdırılır. Mütəxəssislər işin gedişinə görə bu vaxtın bir az uzanacağını da istisna etmirlər.
CAVİD