“Ermənistanın Azərbaycana qarşı hərbi hücumuna ilk reaksiyanı qardaş Türkiyə Respublikası vermişdir. Dünənki çıxışınızda Ermənistanın təxribatları ilə bağlı Türkiyənin qəti mövqeyini bir daha ifadə etdiniz. Azərbaycana göstərdiyiniz dəstəyi xalqımız yüksək qiymətləndirir”.
Bu sözlər Prezident İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana məktubunda yer alıb.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycan və Türkiyə “Bir millət, iki dövlət” şüarı əsasında həm sevincli, həm də kədərli günlərdə daim bir-birinə dayaqdırlar: “Biz də bütün məsələlərdə Türkiyənin güclü dəstəyini hiss edirik. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Türkiyə hər zaman Azərbaycanla həmrəy olmuş, bütün beynəlxalq təşkilatlarda ölkəmizin haqlı mövqeyini müdafiə etmişdir”.
Məktubda qeyd olunur ki, iyulun 12-də erməni tərəfin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi hərbi təxribat adi sərhəd toqquşması deyil, Ermənistanın işğalçı siyasətinin davamıdır. Hər zaman olduğu kimi, bu gün də Ermənistan rəhbərliyi öz ikiüzlü və riyakar siyasətinə sadiq qalaraq həm öz ictimaiyyətini, həm də dünya birliyini aldatmağa çalışır. Ölkələrində hökm sürən sosial-iqtisadi problemlərin fonunda Azərbaycanla münaqişəni alovlandırmaqla müəyyən məqsədlərə çatmaq istəyirlər.
“Ermənistanın Azərbaycana qarşı hərbi hücumuna ilk reaksiyanı qardaş Türkiyə Respublikası vermişdir. Dünənki çıxışınızda Ermənistanın təxribatları ilə bağlı Türkiyənin qəti mövqeyini bir daha ifadə etdiniz. Azərbaycana göstərdiyiniz dəstəyi xalqımız yüksək qiymətləndirir”, – deyə məktubda bildirilir.
Məktubda qeyd edilir ki, Azərbaycan da qardaş Türkiyəyə hər zaman öz dəstəyini ifadə edib. Ölkəmiz 2016-cı ilin 15 iyulunda baş verən dövlət çevrilişi cəhdi zamanı da bunu nümayiş etdirib: “Bu çevriliş cəhdi Türkiyə dövlətinə qarşı yönəlmiş xain plan idi. Sizin qəhrəmanlığınız və Türkiyə xalqının Sizə olan sevgisi sayəsində qardaş ölkəniz bu çətin sınaqdan daha da güclü çıxmışdır. “Demokratiya və Milli Birlik Günü” xalqınızın öz dövlətçiliyinə və demokratik ənənələrinə sadiqliyinin bariz nümunəsidir.
Mən dövlət çevrilişi cəhdinin qarşısının alınması yolunda canlarını verən şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirəm.
Türkiyə dövlətinə və xalqına qarşı olan bu xəyanətkar dövlət çevrilişi cəhdini ilk dəqiqələrdən ən qəti şəkildə pisləyən ölkə Azərbaycan olmuşdur. Bununla Azərbaycan xalqı və dövləti qardaş Türkiyənin yanında olduğunu göstərmişdir”.
Məktubda daha sonra deyilir: “Azərbaycan-Türkiyə strateji müttəfiqliyi regionda sülhün və təhlükəsizliyin təmin olunmasına xidmət edən, əməkdaşlığın inkişafına töhfə verən mühüm amildir. Əminəm ki, birliyimiz və həmrəyliyimiz bundan sonra da xalqlarımızın mənafelərinə uyğun olaraq möhkəmlənəcək və genişlənəcəkdir”.