Xəbər verdiyimiz kimi, iyulun 12-dən başlayaraq Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu sahəsində düşmənin törətdiyi təxribat şiddətli döyüşlərə meydan açıb.

Düşmənin Azərbaycan mövqelərini ələ keçirmək məqsədilə hücuma keçmək cəhdinin qarşısı hərbi qüvvələrimiz tərəfindən qətiyyətlə alınıb. Eyni zamanda ordumuz tərəfindən görülən cavab cəza tədbirləri nəticəsində düşmənə məxsus müxtəlif təyinatlı hərbi texnika, döyüş vasitələri, komanda məntəqəsi, müdafiəsinin dərinliyindəki ehtiyatlar və yüzlərlə canlı qüvvəsi məhv edilib.

İyulun 12-13-ü və 14-nə keçən gecə sərhəddə gedən qızğın döyüşlərdə Azərbaycan Ordusu da itkilər verib. Döyüş zamanı müdafiənin ön xəttində olan general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, həmçinin daha 9 zabit və əsgərimiz həlak olub. Qəhrəman Vətən oğulları ilə vida mərasimləri böyük izdihamlarla müşayiət olunaraq xalqın şəhidlərinə sonsuz sevgi və ehtiramının nümayişinə çevrilib.

İyulun 14-ü Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində gedən şiddətli döyüşlər zamanı müdafiənin ön xəttində olarkən qəhrəmancasına şəhid olan general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev iyulun 15-də Bakıdakı İkinci Fəxri xiyabanda dəfn olunublar.

Vida mərasimində Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov, Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdir müavini general-leytenant Yaşar Əliyev, Prezident Administrasiyasının Silahlı Qüvvələrlə iş sektorunun müdiri general-leytenant Elşad Babayev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, ictimaiyyət nümayəndələri, mərhumların xidmət yoldaşları şəhidlərimizin ailə üzvlərinə və yaxınlarına başsağlığı veriblər.

Hərbi orkestrin ifa etdiyi Azərbaycan Respublikasının Dövlət himninin sədaları ilə şəhidlərimiz əsgəri ənənələrə uyğun olaraq yaylım atəşləri altında torpağa tapşırılıb.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev mərasim zamanı telefon vasitəsilə şəhid hərbi qulluqçularımızın ailə üzvlərinə dərin hüznlə başsağlığı verib.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərimizin ailə üzvlərinə və bütün mərasim iştirakçılarına şəhidlərimizin qanının yerdə qalmadığını və bundan sonra da qalmayacağını bildirib.

Müdafiə naziri şəhidlərimizin tabutu üzərindəki üçrəngli Azərbaycan Bayrağını əbədi xatirə qalması üçün onların ailələrinə təqdim edib.

General-mayor P.Həşimovun qardaşı İlham Həşimov və polkovnik İ.Mirzəyevin oğlu Elvin Mirzəyev Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə vida mərasiminin yüksək səviyyədə təşkil olunduğuna görə minnətdarlıqlarını bildiriblər. E.Mirzəyev atasının yolunu davam etdirərək zabit kimi Azərbaycan Ordusu sıralarına qatılacağına, atasının və bütün şəhidlərimizin qisasını alacağına söz verib.

***

İyulun 12-də Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu sahəsində düşmənin  təxribatının qarşısını alarkən həlak olan hərbçilərimizdən biri – çavuş Vüqar Lətif oğlu Sadıqov doğulduğu Ağstafa rayonunu Yuxarı Göycəli kəndində dəfn olunub. Şəhidin yadigar üç azyaşlı övladı – iki qızı, bir oğlu qalıb.

Ağstafa rayonundan daha bir şəhid – Köçəsgər kənd sakini, 1987-ci il təvəllüdlü gizir Yaşar Vasif oğlu Babayev doğulduğu kənddə torpağa tapşırılıb. İyulun 13-dən 14-nə keçən gecə düşmən qüvvələrinin  təxribatının qarşısını alarkən şəhid olan əsgər Elçin Arif oğlu Mustafayev də doğma yurdda – Ağstafa rayonunun Həsənsu kəndində dəfn edilib.

Şəhidlərlə vida mərasimində rayon İcra Hakimiyyətinin rəhbərliyi, deputatlar, Müdafiə Nazirliyinin məsul şəxsləri, digər rəsmilər, yüzlərlə yerli sakin iştirak edib.

Dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmən təxribatının qarşısını alan zaman qəhrəmancasına şəhid olan mayor Namiq Hajan oğlu Əhmədov doğulub boya-başa çatdığı Qazax rayonunun Yuxarı Salahlı kəndində dəfn olunub.

Mərasimdə Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, şəhidin döyüş yoldaşları iştirak ediblər. Namiq Əhmədovun bir qız, bir oğlan övladı var.

İyulun 14-nə keçən gecə dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmən təxribatının qarşısını alan zaman şəhid olan gizir İlqar Ayaz oğlu Zeynallı nəşi yaşadığı Cəlilli kəndinə gətirilərək evində vida mərasimi keçirilib. Şəhid gizir kənd qəbiristanlığında böyük izdihamın müşayiətilə son mənzilə yolla salınıb.

Azərbaycan Ordusunun şəhid olan zabiti Anar Gülverdi oğlu Novruzov Masallıda, rayonun  Ərkivan qəsəbəsinin qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, Milli Məclisin deputatları, rayon rəhbərliyi iştirak edib. 44 yaşında şəhid olan Anar Novruzovun bir qız, bir oğlan övladı yadigar qalıb.

İyulun 12-də sərhəddə şəhid olan Azərbaycan Ordusunun zabiti, baş leytenant Rəşad Rəşid oğlu Mahmudov doğulduğu Biləsuvar rayonunun Aşağı Cürəli kəndində torpağa tapşırılıb. Dəfn mərasimində çıxış edənlər şəhidlərimizin qanının yerdə qalmayacağını bildiriblər. Şəhidin anası Sevda Hüseynova oğul itkisinin ağrısını çəkməklə bərabər onun şəhidliyindən qürur duyduğunu deyib.

Düşmən qüvvələrinin dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşi açması nəticəsində şəhid olan Azərbaycan Ordusunun əsgəri Xəyyam Məhəmməd oğlu Daşdəmirov iyulun 13-də doğulduğu İsmayıllı rayonunun Balik kəndində torpağa tapşırılıb. Xəyyam Daşdəmirov 2002-ci ildə dünyaya gəlib, 18 yaşında şəhidlik zirvәsinә ucalıb.

***

İyulun 16-da səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində yenidən aktiv döyüş əməliyyatları başlanıb.

Müdafiə Nazirliyinin məlumatına görə, döyüşlərdə düşmənin 20-yə yaxın canlı qüvvəsi, 1 zirehli texnikası, 1 radioelektron mübarizə (REM) vasitəsi, döyüş postları və dayaq məntəqəsi bölmələrimizin sərrast atəşi ilə məhv edilib.

Döyüşlər zamanı Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nazim Əfqan oğlu İsmayılov şəhid olub. Şəhid Nazim İsmayılov Ağstafa rayonunun Kol Xəlifəli kəndində dəfn edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.