İyulun 16-da Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşəbbüsü ilə Bakıda və respublikamızın müxtəlif regionlarında çalışan gənc mədəniyyət işçilərinin iştirakı ilə videokonfrans təşkil olunub.
Konfransda Qarabağ qaziləri və 2016-cı ilin Aprel döyüşlərinin qəhrəman zabitləri Əhliyyət Mehdiyev, Hikmət Məmmədov, həmçinin 90-cı illərdə Tovuz rayonunun Əlibəyli və Ağdam kəndlərində və Goranboy rayonu ətrafında gedən döyüşlərin iştirakçısı, hüquqşünas Soslanbek Piliyev (Moskva, Rusiya) iştirak edərək öz təəssüratlarını bölüşüb və mövzuya dair fikirlər səsləndiriblər.
Eyni zamanda videokonfransa qatılmış 100-dək mədəniyyət işçisi gördükləri işlər və əhali arasında vətənpərvərlik ruhunun dəstəklənməsi məsələsində mədəniyyətin rolundan söhbət açıblar.
Mərkəzin elmi katibi Cavid Əliyev əsgərlərimizin şücaətindən danışaraq hərbçilərin qəhrəmanlıq və Vətənə sədaqətlilik nümunələri haqqında misalları iştirakçıların diqqətinə çatdırıb.
Tədbirin sonunda MEMİM-in direktoru Asif Usubəliyev 12 iyul tarixində Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində başlanan döyüşlər, iyulun 14-dən 15-nə keçən gecə Bakı şəhərində xalq, ordu və dövlət vəhdətinin təcəssümü sayıla biləcək kütləvi yürüş və bu zaman öz şəxsi ambisiyaları naminə bir qrup insanın törətdiyi təxribat barədə söz açıb. A.Usubəliyev mədəniyyət işçilərini hadisələrə düzgün qiymət verməyə çağırıb və mövcud vəziyyətdə ölkə başçısının “Biz birlikdə güclüyük” çağırışına cavab olaraq dövlətin yanında olmağın vacibliyini vurğulayıb.