Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətləri olan sənətkarlardan biri də görkəmli tarzən, Xalq artisti Hacı Məmmədovdur. O, milli ifaçılıq sənətimizin ən parlaq nümayəndələrindən biri idi. Sənətkarın ifaçılığı ayrıca bir məktəb kimi səciyyələndirilir. Çünki tarzən yaradıcılığı boyu sənətin incəliklərinə dərindən yiyələnib, öz fərdi ifaçılıq üslubuna nail olub.

Qurban Pirimov, Bəhram Mansurov kimi böyük tarzənlərin sənət məktəbindən dərs alan Hacı Məmmədov Bülbül, Seyid Şuşinski, Zülfü Adıgözəlov, Əbülfət Əliyev, Rəşid Behbudov, Şövkət Ələkbərova, Yaqub Məmmədov, Rübabə Muradova, Sara Qədimova və başqa görkəmli xanəndələri tarda dəfələrlə müşayiət edib. Onun zəngin ifaçılıq istedadı, klassik üsluba sadiqliyi, habelə uğurlu improvizə bacarığı musiqisevərlərin könlünü oxşayıb. Bu il unudulmaz sənətkarın anadan olmasının 100 illiyi tamam oldu.

***

Hacı Məmməd oğlu Məmmədov 1920-ci il aprelin 28-də Şamaxıda anadan olub. Erkən yaşlarında Bakıya köçən Hacı Məmmədovun ailəsində musiqiyə, sənətə böyük maraq vardı. Atası tarda gözəl havalar çalar, Hacı da saatlarla onun yanında dayanar, böyük məhəbbət və maraqla dinləyərdi.

1929-cu ilin bir fevral günü əmisi Hüseynlə şəhərə gəzintiyə çıxan Hacı bir dükanın qabağından keçəndə vitrində tar görür. Qeyri-ixtiyari ayaq saxlayır və maraqla tara baxır... Əmisi həmin tarı ona alır. Həmin vaxtdan tarı məhəbbətlə sinəsinə sıxan Hacı ömrünün sonuna qədər o tardan ayrılmır. Dünyasını dəyişəndən sonra isə illər boyu Hacı Məmmədovla bağrıbadaş, sənət sirdaşı olmuş həmin tarını susmağa qoymayıblar. Ailəsi ustadın  yadigarını çox sevdiyi tələbəsi, Xalq artisti Ağasəlim Abdullayevə bağışlayıb.  A.Abdullayev isə bu tarda vaxtilə Hacı Məmmədovun məharətlə ifa etdiyi muğamları ehtiramla və özünəməxsus ustalıqla səsləndirir...

Tarda çalmağı müstəqil öyrənən Hacı Məmmədov ömrünün sonuna kimi müxtəlif mədəniyyət ocaqlarında, o cümlədən ölkəmizdən uzaqlarda, qastrol səfərlərində, mədəni tədbirlərdə uğurla iştirak edərək mahir ifaçılıq bacarığı nümayiş etdirib. Onu hələ on yaşında ikən Azərbaycan Dövlət Şərq Orkestrinə qəbul etmişdilər. Hacının qeyri-adi istedad sahibi olması Üzeyir Hacıbəylinin də diqqətini çəkmişdi. O, çəlimsiz uşağı yoldaşlarına göstərərək söyləmişdi: “Baxın, gördüyünüz sarıbəniz oğlan gec-tez sizləri tamam ötüb keçərək birinci pilləyə çıxacaq”. Dahi bəstəkarın uzaqgörənliklə söylədiyi bu fikir özünü doğrultdu. Doğrudur, özünə peşə kimi həkimliyi seçsə də, içindəki musiqi sevgisi onu başqa bir istiqamətə çəkdi.

Hacı Məmmədovun ilk yaddaqalan uğuru 1939-cu ilin payızında Moskvada keçirilən xalq çalğı alətləri ifaçılığı üzrə müsabiqədəki çıxışı oldu. 19 yaşlı gənc müsabiqədə mükafata layiq görüldü. İkinci Dünya müharibəsi illərində isə Hacı Məmmədov ön cəbhədə hərbçilər qarşısında çıxış edərək onları qələbəyə ruhlandırmışdı.

O, tar ifaçılığı sahəsində özünəqədərki irsi dərindən öyrənib mənimsəyərək onu yeni məcraya yönəltməyi, yeni ifa fəlsəfəsi, yozum texnikası yaradıb özündən sonra gələn neçə-neçə tarzənin ustadı olmağı bacaran sənətkarlardan idi. Hacı Məmmədovun yaradıcılığında muğamlar bir zirvə təşkil edir. Bu sənət incilərinin də içərisində “Orta Mahur”un xüsusi yeri var. Həmin muğamı elə ustalıqla ifa edirdi ki, dinləyicilər bunu bir möcüzə sanırdılar. Onun  ifaları sanki muğamlarımızı, milli musiqimizi simvolik şəkildə təqdim edən əzəmətli bir abidədir.

Sənətşünaslar tarzənlə bağlı fikirlərində vurğulayırlar ki, Hacı Məmmədov muğamlarımızı müasir musiqi dilinə adaptasiya edib, ifa texnikasina yeni elementlər gətirib. Muğamlarımız onun ifasında sanki dil açıb danışır, xalqımızın musiqi duyumunun, yaradıcı təfəkkürünün imkanları sanki xalça naxışlarının hikməti ilə sərgilənir. Ustadın tar ifaçılığına verdiyi ən mühüm töhfələrdən biri də Avropa və rus bəstəkarlarının əsərlərini tarda ifa edərək alətin imkanlarının yeni cəhətlərini üzə çıxarması  olub. Adaşı, görkəmli bəstəkar Hacı Xanməmmədovun tar ilə orkestr üçün yazdığı konsertlərin həyata vəsiqə almasında Hacı Məmmədovun xidmətləri isə danılmzadır.

Onu da qeyd edək ki, uzun müddət Azərbaycan Xalq Çalğı Alətləri Orkestrində işləyən, Azərbaycan Dövlət Filarmoniyasında solist kimi çalışan Hacı Məmmədov ixtisasca həkim idi. O, 1943-cü ildə Tibb Universitetinə daxil olur. 1948-ci ildə təhsilini başa vuraraq paytaxtdakı 2 saylı poliklinikanın Cərrahiyyə şöbəsində işə düzəlir. Sonralar müxtəlif xəstəxanalarda, həmçinin Sumqayıtda, Naxçıvanda həkim-cərrah, baş həkimin müavini, baş həkim işləmişdi. Onun əllərindən şəfa tapmış insanlar söyləyirlər ki, Hacı Məmmədov, həqiqətən də, bacarıqlı həkim olub.

***

Bu gün musiqi xəzinəmizin “qızıl fond”unda Hacı Məmmədovun özünəməxsus tərzdə ifa etdiyi “Zabul segah”, “Bayatı-Şiraz”, “Şur”, “Çahargah”, “Orta Mahur” və digər muğamlar qorunur. Ustad sənətkarın həyat yoldaşı Aliyə xanım xatirələrində yazırdı: “Hacı yeganə sənətkar idi ki, özünəməxsus və bənzərsiz bir yol keçdi və məktəbini yaratdı. Onun bütün qələbələrinin ruhunda sədaqətli ürək döyünürdü. Hörmət və nüfuzu da etibarına görə qazanırdı. Ona görə də heç vaxt unudulmadı”.

Aliyə xanımın daha bir xatirəsini də burada qeyd etmək yerinə düşər: “Heç yadımdan çıxmır. 1971-ci il idi. Hacı artıq həkim işləmirdi. Öz ərizəsi ilə işdən çıxmışdı. Bir gün Moskva şəhərindən bizim evə telefon zəngi oldu. Telefonu Hacı götürdü. Moskvadan zəng edən şəxs “Əziz Hacı Məmmədov, sizi Ümumittifaq Xarici Kinostudiyasından narahat edirlər. Sizi xaricdə göstərmək üçün film çəkmək istəyirik. Bu filmi çox nadir şəxslər haqqında çəkirik. Axı sizin iki sənətiniz var. Respublikanın Xalq artisti – musiqiçisiniz, eyni zamanda həkim, cərrahsınız. Sizi hər iki sahədə kinoya çəkmək istəyirik”. Hacıdan hazırda həkim kimi işləyib-işləmədiyini soruşdular. O da bildirdi ki, bəs həkimlik fəaliyyətini dayandırıb. Bu cavabdan çox mütəəssir oldular...”.

Hacı Məmmədovun musiqi sənətimizin inkişafında xidmətləri yüksək qiymətləndirilib. O, 1957-ci ildə “Əməkdar artist”, 1963-cü ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülüb, “Şərəf nişanı” ordeni ilə təltif edilib.

Həkim-tarzən Hacı Məmmədov 2 avqust 1981-ci ildə dünyasını dəyişib, Fəxri xiyabanda dəfn olunub.

Lalə AZƏRİ