Yazının başlığına çıxardığımız ifadənin karantin günlərində daha da aktuallaşan qonşuluq münasibətlərinə heç dəxli yoxdur. Söhbətimizin mövzusu məhz biz istəyəndə evimizə gələn, barəsində, demək olar ki, hər şeyi bildiyimiz, başına gələn hər olaydan xəbərdar olduğumuz qonşulardan gedir. Həm də o qonşudan ki...
...bizlə heç maraqlanmaz, amma özü barədə hər mətləbi açıb danışar;
...bizim əhvalımız onun heç vecinə də olmaz, amma başına gələn heç nəyi bizdən gizləməz;
...bizim başımızı elə qatar ki, gerçək qonşularımızı, qohumlarımızı az qala unudub yalnız onun qayğılarından narahat olarıq, uğurlarına sevinərik.
Bəli, bu gün bizim hamımızın belə qonşusu var. Biz onu sevsək də, maraqlansaq da, görməzdən gəlsək də, o, var. Onu görmək üçünsə bizə yalnız həftənin müəyyən günündə və saatında televizorun konkret kanalının düyməsini basmaq kifayətdir. İşdir, nədənsə bu görüş şansını ötürsək, noutbuk və kompüterlə, yaxud gün ərzində, demək olar ki, əlimizdən yerə qoymadığımız smartfonla (hərçənd çox kiçik ekrandan bu məqsədlə istifadə etmək heç məsləhət deyil) həmin qonşuda nələrin baş verdiyindən xəbər tuta bilərik.
Düz tapdınız, söhbət çoxumuzun çox vaxtını alan, fikrini məşğul edən teleseriallardan gedir.
Elmi ədəbiyyat hər hansı serialın məqsədini belə izah edir: tamaşaçını ekran qarşısında uzun müddət qalmağa vadar etmək və epizodlar dəyişdikcə onun marağını sönməyə qoymamaq.
Son illər uzandıqca uzanan, eynilə gerçək insanların həyatı kimi davam edən ekran qəhrəmanlarının taleyindən bəhs edən, çəkilişləri bu mövsümdən o biri mövsümə keçən seriallar Azərbaycan teleekranını da zəbt etməkdədir. Bu, pisdir, ya yaxşı? Yəqin hər hansı tərəfindən baxsaq, pis, ya yaxşı tərəfini, fərqli və oxşar xüsusiyyətlərini görə bilərik. Amma serial yayımında iki əsas amildən biri budur ki, baxılmasa, onun davamı çəkilməz, ikinci məqam da budur ki, serial reklam yığa bilməsə, nümayiş olunmaz. Yəni bu işin həm mənəvi, həm də maddi tərəfi üst-üstə düşməlidir ki, serial ekrandan yığışmasın.
Dünya televiziya tarixində ilk teleserial sayılan “Feyrvey-Hill” (“Farawey Hill”) zamanından belə olub, belə də davam edir. Yeri gəlmişkən, həmin serial hazırda mövcud olmayan “DuMont Television Network” televiziya kanalında 1946-cı il oktyabrın 2-dən dekabrın 18-dək yayımlanıb. Onun hər bölümü canlı efirdə oynanılırdı və hər bölümün büdcəsi təxminən 300 dollar idi.
Dul qalmış nyu-yorklu qadının şəhərcikdə yaşayan qohumlarının yanında qonaq olarkən yaşadığı macəralardan ibarət serialın bircə kadrı da qalmayıb, çünki televiziyada lentə alma təcrübəsi yalnız 1947-ci ildə peyda olub.
ABŞ və dünya miqyasında ən uzun serialların tarixi də elə ötən əsrin ortalarından başlayır. Hətta televiziyanın bir əsrə yaxın tarixi boyunca ən uzun serialların reytinqi də tərtib edilib. Dünya mədəniyyət industriyasında yer alan texniki inkişaf və texnoloji yeniliklərə bağlı nəsnələr gec-tez biz tərəflərə də gəlib çıxacağı üçün ən uzun teleseriallarla tanış olmağa dəyər. Yəni bilək ki, yaxın gələcəkdə bizi nələr gözləyir.
Amerikalıların “Yol göstərən işıq” serialını bütün zamanların ən uzun serialı hesab etmək olar. 57 (!) il – 1952-ci ildən 2009-cu ilədək televiziyada nümayiş olunmuş 15 min 762 seriya toplam 236 min 430 dəqiqə davam edib. Fasiləsiz olaraq tamaşa etmək üçün 164 gün 4 saat 30 dəqiqə vaxt lazımdır. Əgər bu seyrə gündə təxminən 6 saat vaxt ayıraraq 8 bölümə baxmaq istəsəniz, ömrünüzün tam 2 (!) ilini “Yol göstərən işığ”a həsr etməli olacaqsınız.
Serial Çikaqo ətrafındakı uydurma şəhərcikdə yaşayan bir neçə ailənin həyatından bəhs edir, serialın finalında onların münasibətləri o qədər dolaşıq düşmüşdü ki, təkcə tamaşaçılar deyil, deyəsən, ssenari müəllifləri də çaş-baş qalmışdılar.
Müddətinə görə “Yol göstərən işıq”dan sonra ikinci yerdə qərarlaşmış “Dünya necə fırlanır” serialı yarım əsr – 2 aprel 1956-cı il tarixindən 2010-cu il sentyabrın 17-dək efirdə olub. Ümumilikdə 13 min 763 bölüm davam edib. “Dünya necə fırlanır” 1958-1978-ci illərdə ABŞ-da ən populyar gündüz teleserialı olub, sonradan reytinqi üzüaşağı getsə də, illərlə efirdə qala bilib.
“Yaşamaq üçün bircə ömür” serialı 44 il (1968-2012) efirdə qala bilib. Uydurma Llyanvyü şəhəri sakinlərinin şəxsində ABŞ üçün ənənəvi sayılan irqçilik, cinsi azlıqlar və narkomaniya kimi problemlərdən danışan serialın populyarlığı illər ötdükcə artıb ki, azalmayıb. 11 min 96 bölüm sürmüş serialın reytinqini onda çəkilmiş aktyorların “Emmi” mükafatına dəfələrlə layiq görülməsi də sübuta yetirir.
Daha bir marafonçu-rekordçu telegöstəri “Hamısı mənim övladımdır” serialıdır. 10 min 712 bölüm, həmçinin 43 bölümlük qayıdış-təkrarlama serialı bütünlükdə 41 il ərzində nümayiş olunub. 1970-ci ilin yanvarından 2011-ci ilin sentyabrınadək, daha sonra isə 29 aprel - 23 sentyabr 2013-ci il tarixində həftəiçi hər gün göstərilən serialın bütün bölümlərini ardıcıl düzsək, 431 gün 8 saat vaxta sığışacaq.
Serialın baş qəhrəmanları hadisələrin lap əvvəlində Pensilvaniyanın Küknarlıq vadisində yaşayan gənc insanlardır. Amerikalı serialsevərlər üçün “Hamısı mənim övladımdır”ın bir mühüm cəhəti də budur ki, serialda ölkənin Vyetnam müharibəsində iştirakının çoxmənalı nəticələri əsas müzakirə predmeti olmuşdu.
İlk bölümü 1973-cü il martın 26-da baş tutmuş “Gənclər və cəsurlar” serialı isə hələ də efirdədir. Nümayiş ardıcıllığı o qədər də dəqiq olmayan serial barədə 2013-cü il aprelin 4-nə olan məlumata görə “Gənclər və cəsurlar”ın 10 min 388 bölümü nümayiş etdirilmişdi ki, bu da üst-üstə gəldikdə təxminən 196 gün edir. “Ən yaxşı gündəlik dram” nominasiyasında altı dəfə “Emmi” mükafatına sahiblənmiş serialda hadisələr uydurma Genuya Siti şəhərində baş verir. Serialda əsas hadisələr dəb aləminə aid Bruks və Foster, daha sonra isə Ebbot və Nyümən ailələri arasındakı gərgin münasibətlər üstündə qurulub.
“Başqa dünya” 35 il – 1964-cü ilin yazından ta 1999-cu ilin yayınadək Amerika televiziyasında hökm sürüb və 8 min 891 bölümlə efirə çıxıb. Serialın hər bölümü “Biz təkcə bu dünyada yox, həm də minlərlə başqa dünyada yaşayırıq” epiqrafı ilə başlayırdı.
“Gecənin astanasında” adlı detektiv serialı 1956-cı il aprelin 2-dən 1984-cü il dekabrın 28-dək nümayiş olunub ki, onun bütün bölümlərinə tamaşa etmək seyrçidən təxminən 130 sutka vaxt istəyir.
Rekordçu seriallar cərgəsi təkcə ABŞ istehsalı ilə tamamlanmır. Məsələn, 1985-ci il martın 18-də ilk bölümü göstərilmiş “Qonşular” serialı Avstraliya istehsalıdır. Qonşuların qarşılıqlı münasibətindən bəhs edən serialın nümayişi bu günədək davam edir. İndiyədək çəkilmiş 6 min 855 bölümə fasiləsiz baxmaq üçün isə 107 sutka gərəkdir.
Nəhayət, postsovet və rusdilli teleseyr məkanının ən uzun Amerika serialı kimi tanıdığı “Santa-Barbara”nın okeanın o tayında nümayişi 30 iyul 1984 – 15 yanvar 1993-cü il tarixinə təsadüf edir. Santa-Barbara şəhərindəki Kəpvell, Lokric, Perkins və Andrad ailələrinin dolaşıq qarşılıqlı münasibətindən bəhs edən serial 9 mövsüm davam edərək, 2 min 137 bölümdə göstərilib.
Təbii ki, Azərbaycan, Türkiyə, Rusiya televiziya industriyası istər inkişaf tempinə, istərsə də texnoloji imkanlarına görə ABŞ-dan geri qalır. Lakin nəzərə alsaq ki, televiziya proqramları təsnifatında təxminən 25-26 janr var, o zaman forma və məzmun baxımından təkrarlar, bənzəyişlər adi görünməlidir.
Zaman rekordçusu seriallara gəlincə, Rusiyanın ən uzun teleserialı hələ ki “Nişan üzüyü”dür. 809 bölümü 2009-2012-ci illərdə davam etmiş serialın nümayişi zamanı baş qəhrəmanların iki heyəti dəyişib.
Azərbaycan teleseyrçisinin çox sevdiyi, bəzən hətta böyük sənət nümunəsi, həyatın gerçək əksi kimi qarşıladığı Türkiyə teleserialları arasında da rekordçular az deyil. Bir qayda olaraq, əsasən süjeti situativ komediya, yaxud epizod teleserialı kimi həll edilən seriallar daha uzun müddət davam edir. Yəni bölümün əvvəlində hər hansı əhvalat başlayır və bölümlə birlikdə həmin situasiya da məntiqi sonluğuna yetir. Belədə seyrçi hər hansı bölümü seyr etmədən də serialdakı əsas əhvalatı, baş qəhrəmanların taleyini rahatlıqla izləyir. Türkiyə televiziyasında yayımlanmış “Bizimkilər” (1989-2002) serialı 465, “Ferhundə xanımlar” (1993-1999) 1780, “Bizim evin halları” (2000-2009) 1680, “Qayınanalar” (1974-2004) 950, “Çiçək taksi” (1995-2003) 367 bölümdən ibarət olub. Azərbaycan teleseyrçisinin favorit teleserialları olaraq isə “Qurdlar vadisi” 2003-cü ildən yayımlanmağa başlayıb və 2016-cı ilin mövsüm finalınadək 300 bölümü yayımlanıb.
Türkiyədə teleserial istehsalı çox yaxşı qurulsa da, ən müxtəlif janrlarda çəkilən çox fərqli mövzulara müraciət edilsə də, onların da bir şəksiz favoriti var: ilk bölümü 2006-cı il iyulun 31-də göstərilmiş “Arxa küçələr” (“Arka sokaklar”). İstanbul polisinin hər gün rastlaşdığı cinayət olayları içində əridilən asayiş gözətçilərinin şəxsi həyatı, onların təkcə peşəkar kimi yox, həm də dolğun xarakterli insan olaraq göstərilməsi serialın şəksiz uğurudur. Bu il mövsüm finalına çıxmış “Arxa küçələr”in indiyədək 550 bölümü yayımlanıb.
Belə getsə, Azərbaycan teleserialları da müddət baxımından marafonçu seriallara qoşulacaqlar. Düzdür, əksəriyyəti situativ komediya janrının nümunəsi kimi təqdim edilən milli seriallarımızın hansı auditoriya, hansı intellekt səviyyəsi üçün çəkildiyini müəyyən etməkdə, belə primitiv məhsulun ekranda necə qaldığını dərk etməkdə bəzən çətinlik çəkirsən. Lakin aralarında bu mövsümdə 592-ci bölümlə istirahətə çıxmış “Ata ocağı”, 607-ci bölümü ilə payızadək tamaşaçılardan ayrılmış “İmtahan” teleserialları da var.
Bölümlərin sayı isə artıq onu deyir ki, ekranla yalnız biz istəyən vaxtda evimizə gələn, daha “doğma” qonşularımız da var. Onlarla sıx görüşmək, gerçəkliyi unudub, qapı qonşumuzun durumu ilə maraqlanmadan televizordakı qonşuların yaşantılarını qəlbimizə yaxın buraxmaq və digər çeşidli insan münasibətləri göstərmək də... bizlikdir.
Amma, bir müdrikin sözlərinə inansaq, bütün gərginlik və məhdudiyyətlərə baxmadan seyrçilikdən mümkün qədər uzaq olmaq məsləhətdir. Həmin müdrik belə deyib ki, dünyada televizora çox baxanları yalnız çox kitab oxuyanlar idarə edəcək.
Gülcahan MİRMƏMMƏD