AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Neqativ fondunda görkəmli teatr və kino aktyoru, SSRİ Xalq artisti Mirzağa Əliyevin fotoneqativi qorunur.
Muzeydən bildirilib ki, fotoneqativdə Mirzağa Əliyev 1952-ci ildə Azərbaycan Dövlət Dram Teatrının səhnəsində Nikolay Qoqolun “Müfəttiş” tamaşasında oynadığı Osip rolunda əks olunub.
M.Əliyev 1883-cü ildə Bakının Hövsan kəndində anadan olub. İlk dəfə 1901-ci ildə Nəcəf bəy Vəzirovun “Müsibəti-Fəxrəddin” pyesinin tamaşasında Şahmar bəy rolunda səhnəyə çıxıb. Nəcəf bəy Vəzirov və Cahangir Zeynalov onun aktyor kimi yetişməsinə təsir göstəriblər. M.Əliyev 1906-1907-ci illərdə “Həmiyyət” teatr truppasının rəhbəri və aktyoru olub. 1916-cı ildə Bakıda tamaşaya qoyulmuş Cəlil Məmmədquluzadənin “Ölülər” komediyasındakı İsgəndər rolu aktyorun yaratdığı klassik obrazlar silsiləsinə daxildir.
Azərbaycan sovetləşəndən sonra M.Əliyev Bakı Azad Tənqid-Təbliğ Teatrının təşkilatçısı olub. 1924-cü ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Akademik Dram Teatrında çalışıb. Aktyor yumoru, satiranı, “öldürücü” gülüşü obrazın xarakterində cəmləşdirirdi. M.Əliyev 1954-cü ildə vəfat edib. Məzarı Fəxri xiyabandadır.