Dünyanın qəribə memarlıq nümunələri

Dünyada qeyri-adi üslub və layihəyə, qəribə görünüşə malik memarlıq nümunələri çoxdur. Onlardan biri İngiltərədədir. “Əyri ev” (“The Crooked House”) adlanan bu bina 1765-ci ildə tikilib. Bina tikiləndə əyri olmayıb.

XIX əsrin əvvəllərində ərazidə aparılan dağ-mədən sənayesi işləri səbəbindən binanın bir tərəfi əyilib. Sonralar bu ev “Sedan House” adlandırılmağa başlanılıb (sedan yerli dialektdə əyri mənasını verir). Ev 1940-cı illərdə təhlükəli olaraq qeydə alınmış və məhv olunması planlaşdırılmışdı. Lakin “Wolverhampton and Dudley Breweries” şirkəti tikilini alaraq evin əyilən hissəsindən dayaq kimi divar düzəldib.

Digər maraqlı abidə İsveçdə inşa olunmuş və dönən bədəni xatırladan göydələndir. Bu göydələn Skandinaviyada ən hündür binadır. Bina ispan memarı, struktur mühəndisi və rəssamı Santiaqo Kalatrava tərəfindən dizayn edilib. Rəsmi açılışı 2005-ci il avqustun 27-də olub. Binanın hündürlüyü 190 metr olmaqla 54 mərtəbə və 147 mənzildən ibarətdir. Bina 2005-ci ildə “Qızıl Emporis Göydələn” mükafatına layiq görülüb.

ABŞ-da inşa olunan “Ayaqqabı evi”nin dizaynı isə 1948-ci ildə çəkməçi Mahlon Haines tərəfindən təklif edilib. Evin hündürlüyü 7,6 metr olmaqla 3 mərtəbədən ibarətdir. Çəkməçi öz düzəltdiyi çəkməni memara göstərərək onun kimi ev tikməyini xahiş edib. Evin qonaq otağı barmaqlarda, mətbəx ayaqqabının daban hissəsində, yataq otaqları isə topuq hissəsində yerləşir.

SƏBİNƏ