Yaponiya şirkəti tərcüməçi-maska hazırlayıb

Yaponiyanın robotlar istehsalı ilə məşğul olan “Donut Robotiks” şirkəti sahibinin nitqini digər dillərə tərcümə edən ağıllı tərcüməçi-maska hazırlayıb.

“C-Face” maskası virusdan qorumaqla yanaşı, onun sahibinin dediklərini doqquz dilə - Koreya, Vyetnam, Çin, tay, fransız, ingilis, ispan, İndoneziya və yapon dillərinə tərcümə edir. “Bluetooth” vasitəsilə smartfona qoşulan maska plastikdən hazırlanıb.

“Donut Robotiks” şirkəti bir neçə ildir ki, “Haneda” beynəlxalq aeroportunun sifarişi ilə tərcüməçi robotlar üzərində işləyir. Maskanın hazırlanması zamanı məhz bu texnologiyadan istifadə olunub.

Maskanın kraudfandinq (kütləvi maliyyələşdirmə, fərdi ianələr) üzərindən toplanan vəsaitlə istehsal olunması planlaşdırılır. Layihə üçün artıq 260 min dollar vəsaitin toplandığı bildirilir. Yeni məhsulun cari ilin sentyabrından satışa çıxarılacağı gözlənilir.

Qiyməti təqribən 40 dollar olacağı gözlənilən maskanın əvvəlcə Yaponiyada, sonra Çin, Avropa ölkələri və ABŞ-da satışı nəzərdə tutulur.

“Donut Robotiks” şirkətindən bildiriblər ki, gələcəkdə “C-Face” maskasının tərcümə ilə yanaşı görüntü əks etdirmək imkanlarının da təkmilləşdirilməsi istiqamətində iş davam etdiriləcək.

CAVİD