Azərbaycan və özbək şagirdləri arasında onlayn festival
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə Azərbaycan və özbək şagirdləri arasında beynəlxalq festival keçirilib.
“İstedadlı uşaqların sorağında” adlı festivalın əsas məqsədi istedadlı uşaqların üzə çıxarılması, onların bacarıqlarının nümayiş etdirilməsi, gələcəkdə daha böyük uğura təşviq edilməsidir.
Onlayn festivalı AMM-in direktoru Samir Abbasov açaraq uşaqların müstəqil ölkələrimizin gələcəyi olduğunu qeyd edib. O, Azərbaycanda və Özbəkistanda gənc nəslin dövlət tərəfindən qayğı və diqqətlə əhatə olunduğunu vurğulayaraq ümummilli lider Heydər Əliyevdən sitat gətirib: “Hər bir xalqın ən böyük və dəyərli sərvəti onun uşaqlarıdır”. AMM-in direktoru Heydər Əliyev Fondunun uşaqlara göstərdiyi qayğıdan, onların inkişafı üçün həyata keçirdiyi çoxsaylı layihələrdən də danışıb.
Sonra festival iştirakçıları öz bacarıq və qabiliyyətlərini nümayiş etdiriblər.
Humay Bayramzadə Azərbaycanın “Sarı gəlin” xalq mahnısını, Fatimə Babayeva Polad Bülbüloğlunun “Gəl, ey səhər” mahnısını, Əsmə Quluzadə milli rəqslərimizi, həmçinin fortepianoda Əli Abbaslı, Akmal Əzizov Azərbaycan klassik əsərlərini ifa ediblər. Bundan başqa, şagirdlər tərəfindən Azərbaycan və Özbəkistan dostluğunu əks etdirən rəsmlər, əl işləri, şeirlər təqdim olunub.
Çıxışlar rəğbətlə qarşılanıb. Geniş izləyici marağı və müraciət edənlərin sayının çox olduğu nəzərə alınaraq onlayn festival iki gün davam edib.