Sentyabrın 30-da Dövlət Film Fondunda Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı ilə birgə Əməkdar rəssam Cəbrayıl Əzimovun anadan olmasının 90 illiyinə həsr olunmuş xatirə tədbiri keçirildi.

İştirakçılar əvvəlcə binanın foyesində sənətkarın keçdiyi ömür və sənət yolunu əks etdirən fotosərgiyə baxdılar.
Tədbiri Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq Cəbrayıl Əzimovun milli kino rəssamlığının formalaşmasında xidmətlərindən danışdı. Qeyd etdi ki, Azərbaycan kinosu zəngin yol keçib. Tarixi mövzuda, əmək adamlarının həyatından bəhs edən maraqlı kino əsərləri yaranıb. Bu uğurların qazanılmasında kino rəssamlarımızın da əməyi az deyil. Belə sənətkarlardan biri də Əməkdar rəssam Cəbrayıl Əzimov olub.
Vurğulandı ki, görkəmli sənətkar 10-dan çox bədii filmin quruluşçu rəssamı olub. İlk yaradıcılıq işi “Doğma xalqımıza” bədii-sənədli filmidir. C.Əzimov bu filmdə Elbəy Rzaquliyevlə birgə çalışıb. Sonralar “Görüş”, “Bəxtiyar”, “O olmasın, bu olsun”, “Qızmar günəş altında”, “Uzaq sahillərdə”, “Qəribə əhvalat”, “Leyli və Məcnun”, “Sehrli xalat”, “İnsan məskən salır”, “Qanun naminə” və başqa filmlərə bədii tərtibat verib. Təəssüf ki, istedadlı sənətkar 43 yaşında dünyasını dəyişib. Ancaq maraqlı yaradıcılığı ilə əbədiyaşarlıq qazanıb.
Kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə C.Əzimovun sənətə sevgisindən, filmlərin çəkilişi zamanı nümayiş etdirdiyi peşəkarlıqdan söz açdı. Bildirdi ki, “Görüş” filmi buna bariz nümunələrdən birdir. Filmdə əsasən natura çəkilişlərindən istifadə olunub, eyni zamanda dekorasiyalar çox gözəl əhval-ruhiyyə yaradır və qəhrəmanların zövqünü ifadə edir. “Qızmar günəş altında” filmində də əksər səhnələr naturada lentə alınıb. İnteryerlər isə pavilyonda hazırlanıb. Natura seçiminə rejissor, operator və rəssam birgə gedirlər. Çünki çəkiliş üçün rəssam daha yaxşı, daha münasib yer seçə bilir. Təsadüfi deyil ki, o vaxt filmin çəkilişi üçün çay plantasiyaları və limon bağları ilə gözoxşayan Astara rayonunu rəssam C.Əzimov təklif edib.
Xalq artisti Rafiq Əzimov çıxış edərək əmisi haqqında xatirələrini bölüşdü. Qeyd etdi ki, aktyorluq sənətini onun sayəsində seçib: “Həmişə özüm-özümə sual verirdim ki, görəsən, C.Əzimovun haqqını qaytara biləcəyəmmi? Nəhayət, bu arzum reallaşdı. Onun haqqında əvvəlcə televiziya verilişi, sonra da “Rəssam və kino” adlı sənədli film ərsəyə gətirdik”.
Tədbirdə daha sonra Əməkdar artist Elxan Qasımov, yazıçı-kinodramaturq, Əməkdar incəsənət xadimi Natiq Rəsulzadə çıxış edərək görkəmli sənətkar haqda xatirələrini danışdılar.
Qeyd olundu ki, kino rəssamının fəaliyyət dairəsi filmdə eskizlər çəkməklə məhdudlaşmır. Kino rəssamı geniş dünyagörüşünə malik olmalıdır. Cəbrayıl Əzimov da hərtərəfli biliyə malik insan olub, biliyini və təcrübəsini kino yaradıcılığında ustalıqla işlədə bilib. Rəssam eyni zamanda, müxtəlif sərgilərdə mütəmadi olaraq iştirak edib.
Sonda sənətkara həsr olunmuş “Rəssam və kino” sənədli filmi göstərildi.

Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar