Son günlər cəbhədə baş verən erməni təxribatına qarşı xarici ölkələrdə keçirilən dinc yürüşlərə qarşı ermənilər tərəfindən vandalizm aktları həyata keçirilib. Ermənistan rejimi hərb meydanında məğlub olduqdan sonra müxtəlif xarici ölkələrdə dinc aksiya keçirən azərbaycanlılara qarşı vəhşiliklər törədiblər.

Bir sıra ölkələrin paytaxt və böyük şəhərlərində belə hadisələr baş verib. Onların əsas məqsədi diqqəti əsas məsələdən yayındırmaqdır. Xaricdəki azərbaycanlılar dinc yolla aksiya keçirərək erməni vəhşiliyinə son qoyulmasını tələb edirlər.

Bu sözləri iyulun 23-də Xarici İşlər Nazirliyində (XİN) keçirilən brifinqdə Xarici İşlər nazirinin müavini Xələf Xələfov söyləyib.

Diqqətə çatdırılıb ki, son günlər erməni tərəfi Vaşinqtonda, Torontoda, Stokholmda, Los Ancelesdə, Brüsseldə və digər şəhərlərdə soydaşlarımıza qarşı təxribatlar törədib. Bu aksiyalarda Azərbaycan tərəfdən vətənpərvər insanlar iştirak edir, Ermənistanın siyasətinə etirazlarını bildirirlər. Radikal erməni qrupları Azərbaycana məxsus diplomatik missiyalara, azərbaycanlılara hücumlar təşkil edirlər.

Nazir müavini qeyd edib ki, ermənilərin bu əməlləri də boşa çıxacaq: “Həmin xarici ölkələr heç vaxt imkan verməzlər ki, ölkələrində irqi ayrı-seçkilik zəminində təxribatlar törədilsin. Ermənistan bilməlidir ki, Azərbaycanın qüdrəti onun birliyindən qaynaqlanır. Azərbaycan dövləti hər yerdə vətənpərvər soydaşlarının yanındadır. Ermənistanın təşkil etdiyi bu hücumlar artıq öz nəticəsini vermir. Çünki Azərbaycan beynəlxalq aləmə inteqrasiya olunub. Ölkələrlə yüksək səviyyədə ikitərəfli münasibətlər qurulub. İnanıram ki, ermənilərin qaragüruhçuluğuna icazə verilməyəcək. Mən ABŞ səfiri ilə görüşmüşəm, mövzu Los Ancelesdə ermənilərin azərbaycanlılara qarşı hücumu ilə bağlı idi. Səfir bildirdi ki, ABŞ polisi araşdırma aparır və bu təxribata hüquqi qiymət veriləcək. Biz digər səfirlərlə də görüş keçiririk. Azərbaycan dövləti hər bir soydaşımızın yanındadır. Biz imkan verə bilmərik ki, Ermənistan xaricdəki diplomatik missiyalarımıza, soydaşlarımıza təzyiq göstərsin. Azərbaycan Ordusu bu gün torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Azərbaycan dövləti də vətəndaşlarımıza harada yaşamasından asılı olmayaraq, dəstək verməyə hazırdır”.

Los Ancelesdə aksiya zamanı azərbaycanlı qadına əl qaldıran erməni əsilli şəxs artıq saxlanılıb və həmin şəxsin məhkəməsi olacaq.

Bu barədə isə brifinqdə XİN-in Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva məlumat verib.

L.Abdullayeva qeyd edib ki, Azərbaycanın Belçikada diplomatik nümayəndəliyinin yanında radikal erməni qüvvələri tərəfindən törədilən təxribat zamanı da 6 nəfər saxlanılıb: “Polisin şifahi məlumatına görə artıq 15 nəfər tutulub”.