Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində erməni silahlı qüvvələrinin törətdikləri təxribata qarşı böyük şücaət göstərən əsgərlərimiz hərb tariximizə daha bir şanlı səhifə yazdılar. Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) bu günlərdə gənclərimizdə yüksək vətənpərvərlik hisslərinin təbliği məqsədilə müxtəlif layihələr reallaşdırır.
“Şəhidlik zirvəsinə aparan yol”
İyulun 21-də MEMİM tərəfindən “Şəhidlik zirvəsinə aparan yol” adlı hərbi-vətənpərvərlik mövzusunda onlayn debat təşkil olunub. 50-dən çox müxtəlif mədəniyyət müəssisələrinin əməkdaşlarının, gənc mədəniyyət işçilərinin qatıldığı debatda Əməkdar incəsənət xadimi, istefada olan polkovnik Abdulla Qurbani, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Bibiheybət qəsəbə Mədəniyyət evinin bədii rəhbəri Fəridə Babayeva, MEMİM-in direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev, şöbə müdirləri Nəzakət Rəhmanova, Nurəddin Babazadə, Əməkdar mədəniyyət işçisi Səadət Şirinova, kitabxana müdiri Validə Hacıyeva çıxış ediblər.
Natiqlər Vətəni müdafiə çağırışına səngərlərdən səs verən, şəhidlik zirvəsinə ucalan igidlərimizin haqqı, ədaləti, yurd sevgisini, torpaq qeyrətini qanları ilə yazdıqlarını bildiriblər.
Abdulla Qurbaninin çıxışı tədbir iştirakçılarının xüsusi diqqətinə səbəb olub. O, əsgərlərimizin qəhrəmanlığından və ordumuzun uğurlarından danışaraq, eyni zamanda ədəbiyyatımızda əksini tapmış qəhrəman obrazlarından söz açıb.
“Əkinçi”dən başlanan tarix...”
İnternet məkanı ikinci cəbhədirsə, jurnalistlər də ikinci ordudur. Bu fikir iyulun 22-də Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən təşkil olunmuş “Mədəniyyətimizin kütləvi informasiya vasitələrində təbliği” adlı vebinarda səsləndirilib.
Tədbirin açılışında “Əkinçi”dən başlanan tarix...” adlı videoçarx nümayiş olunub. Vebinarda mərkəzin rəhbərliyi və əməkdaşları ilə yanaşı, Azərbaycanın tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak edib.
Çıxış edənlər milli mətbuatımızın tarixindən, mədəniyyətimizin təbliğində medianın rolundan, informasiya müharibəsinin özəlliklərindən və digər mövzulardan danışıblar.
Bildirilib ki, 145 il əvvəl - 1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və həmin dövr Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixə düşüb. Ölkəmizdə fəaliyyətini günümüzün tələbləri səviyyəsində qurmağı bacaran, dövlətçilik ənənələrinə bağlı və xalqımızın milli maraqlarını rəhbər tutan medianın inkişafı prioritet vəzifələrdən biri kimi daim diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyev tərəfindən milli mətbuatın 145 illik yubileyinin keçirilməsi haqqında sərəncamın imzalanması bu diqqətin bariz nümunəsidir.