Rusiyanın  “Kamerton” jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində müasir Azərbaycan poeziyası nümunələrinə yer ayırıb.

Jurnalın iyul nömrəsində Xalq şairi Məmməd Arazın rus dilinə tərcümə olunmuş “Ata ocağı”, Xalq şairi Xəlil Rza Ulutürkün “Atamın əlləri” və tanınmış şair Əliağa Kürçaylının “Etiraf” şeirləri təqdim edilib. Şeirləri rus dilinə tanınmış Rusiya və Azərbaycan tərcüməçiləri – Vladimir Portnov və Vladimir Qafarov tərcümə ediblər.

İranın populyar “Körpü”  ədəbiyyat jurnalında isə Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış yazıçı  Etimad Başkeçidin “Velosiped” hekayəsini nəşr edilib. Hekayə yazıçının yaradıcılığı haqqında məlumatla birgə təqdim olunub.

İranın “Məhdi-azadi” (“Azadlıq beşiyi”) qəzetinin təsis etdiyi jurnal mütəmadi olaraq səhifələrində dünya ədəbiyyatı yazarlarının əsərlərinə yer ayırır. “Körpü” ədəbiyyat jurnalı latın və ərəb əlifbası ilə nəşr olunur.