Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında “Vikipediya” elektron ensiklopediyasında özbək dilində növbəti material – İrəvan xanlığı haqqında bölmə hazırlanaraq istifadəyə verilib.
Məlumatda Azərbaycan dövlətiçilik tarixində xüsusi yeri olan İrəvan xanlığının tarixindən söhbət açılır. Nadir şah Əfşarın vəfatı və Əfşarlar dövlətinin süqutundan sonra Çuxursəəd bəylərbəyliyinin əsasında yaranmış və mərkəzi Azərbaycanın qədim şəhəri İrəvan olan xanlığın Rusiya işğalına qədər olan dövrünə nəzər salınır. Qeyd olunur ki, 1747–1828-ci illərdə mövcud olmuş tarixi feodal dövləti olan İrəvan xanlığının əsası XVIII əsrin ortalarında Mirmehdi xan tərəfindən qoyulub.
Materialda İrəvan xanlığının 1827-ci il oktyabrın 6-da ruslar tərəfindən işğal edildiyi, 1828-ci il fevralın 10-da isə Türkmənçay sülh müqaviləsi ilə bu istilanın möhkəmləndiyi və bundan sonra tədricən Yaxın və Orta Şərqdə yaşayan erməni əhalisinin Cənubi Qafqaza, xanlığın ərazisinə köçürüldüyü qeyd olunur.
Bölmədə İrəvan xanlığının dövlət quruluşu, inzibati ərazi bölgüsü, mədəniyyəti, memarlığı, abidələri, o dövrün elm və təhsili əksini tapıb. Bölmədə xanlıq əhalisinin 1828-1832-ci illərə qədər etnik tərkibinə nəzər salınır. Qeyd olunur ki, İrəvan xanlığının o dövrdə 134 min nəfər əhalisinin mütləq çoxluğunu – 100 minə yaxınını Azərbaycan türkləri təşkil edib, lakin sonradan süni yolla bu ərazilərə ermənilərin köçürülməsi nəticəsində regionun etnik tərkibi dəyişdirilib.
Özbək dilində yaradılmış İrəvan xanlığı haqqında bölmə ilə https://uz.wikipedia.org/wiki/Iravan_xonligi linkində tanış olmaq mümkündür.