“Oğuz eli” nəşriyyatında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Budaq Budaqovun “Avrasiyada türk toponimləri” ("Turkic toponyms of Eurasia") kitabı ingilis dilində çapdan çıxıb. Kitabda əsasən Özbəkistan, Qazaxıstan, Türkmənistan, Altay, Ural, Sibir, Ermənistan, İran, Türkiyə, Krım və digər coğrafi ərazilərdə mövcud olan türk toponimləri tədqiq edilir, Azərbaycan ərazisində rast gəlinən qarşılıqlı sözlər araşdırılır.
   Kitabın “Türk xalqları” bölməsində türklərin tarixən məskunlaşdığı ərazilər və burada yaranmış toponimlər, “Coğrafiya və toponimika”, eləcə də “Tarix və toponimika” bölmələrində isə bu elmlərin tarixi zaman və məkan daxilində qarşılıqlı vəhdətindən əmələ gələn coğrafi adlar haqqında müfəssəl izahat verilir.
   Müəllif tədqiqat əsərində Azərbaycan alimlərinin əsərləri ilə yanaşı, rus və ingilis mənbələrindən də istifadə edib.
   Kitab coğrafiyaçı, tarixçi və dilçilərlə yanaşı, digər elmi sahələrin tədqiqatçıları, eləcə də ingilisdilli geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.