Bölgələrdə yaşayıb-yaradan rəssamlarla əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə yeni layihəyə start verilir.
Layihənin əsas məqsədi bölgələrdə yaşayıb-yaradan rəssamların əlaqələr şəbəkəsini inkişaf etdirmək, onların tanınması və yaradıcılıq mübadiləsi üçün əlavə zəmin yaratmaqdır. Bununla da rəssamlar mədəniyyət müəssisələri (qalereyalar, muzeylər və s.) ilə əlaqələrini sıxlaşdıracaq və regionlarda rəssamlıq işinin keyfiyyətini artıra biləcəklər.
Bəzən rəssamlar yaradıcılıq fəaliyyətinin nəticələrini (əsərlərini), bədii fikir və axtarışlarını, konsepsiyalarını özlərində saxlamaqla kifayətlənir, geniş ictimaiyyətin bununla tanış ola bilməsi üçün zəruri addımları ata bilmirlər. Əgər bu fəaliyyətin tərkibinə əməkdaşlıq elementi daxil edilərsə, o zaman rəssamlar birgə işin, dərin təhlilin üstünlükləri ilə tanış olacaqlar. Həmçinin öz yaradıcılıq mühitinin müsbətə doğru dəyişilməsi üçün təsir imkanlarına malik olacaqlar. Bunun üçün bölgələrdə yaşayan rəssamların öz bioqrafiyalarını, əlaqə nömrələrini, əvvəlki təcrübələri və cari fəaliyyətləri haqqında məlumatları qalereyas@bk.ru ünvanına göndərmələri kifayətdir.
Əlavə məlumat üçün 077-717-33-37 nömrəsi ilə əlaqə saxlamaq olar.