Azərbaycan memarlığının bənzərsiz incilərindən sayılan Şəki Xan sarayı haqqında bu vaxta qədər yerli və xarici mütəxəssislər kifayət qədər fikir söyləmiş, tikilidə müşahidə olunan inşa sənətkarlığını və onun divarlarını bəzəyən rəsmlərin estetik tutumunu yüksək dəyərləndirmişlər. XVIII əsrin sonlarında inşa olunmuş (memarı Hacı Zeynalabdin) tikilinin milli ruhlu divar rəsmlərini Şamaxıdan və Şuşadan dəvət olunmuş sənətkarlar işləmişlər.
Sarayın hər iki mərtəbəsində divar rəsmləri yer alsa da, nədənsə bir qayda olaraq tədqiqatçılar əsasən ikinci mərtəbədəki süjetli, fauna və flora ayrıntılarından tərtib olunmuş kompozisiyaları təhlil etmişlər. Bu da birinci mərtəbədəki stalaktitlərin tərtibatında yer almış bəzi təsvirlərə xüsusi diqqət ayırılmamasını şərtləndirmişdir. Odur ki, bədii həllinə görə Şəki Xan sarayının miniatür üslubu estetikasına tapınan monumental tutumlu rəsmlərindən fərqlənən həmin realist-gerçəkçi təsvirlərin mənşəyinə toxunulmamış, elmi münasibət bildirilməmişdir. Bu vaxta qədər Şəki Xan sarayına həsr olunmuş ən müxtəlif tədqiqat və məqalələrdə həmin rəsmlərin görüntüsünün belə ictimaiyyətə təqdim olunmaması da qəribə görünür.
Düzdür, Azərbaycanın XVIII-XIX əsrlərdə divar rəsmləri mövzusunda dissertasiya yazmış sənətşünas N.Miklaşevskaya sarayın bəzək örtüyündəki bu bədii üslub təzadını görmüş və onu yalnız yığcam şəkildə şərh etməklə kifayətlənmişdir: “Motivlərinə görə stalaktitlərin rəsmləri iki növə ayrılır: iri oyuqların realist biçimli gül dəstələrinin (görkəminə və rənginə görə ikinci mərtəbənin qərb küncündəki təsvirlərə bənzəyir) müxtəlif variantları və stalaktitlərin yuxarısındakı üçbucaq formalı kiçik – hündürlüyü 12 santimetrə çatan hissələri. Bu kiçik forma daxilində bəyaz yerlik üzərində təkcə göy rənglə müxtəlif süjetli kompozisiyalar (meyvə yığımı, atların otarılması, ovçu iti ilə və s.) çəkilmişdir. Onların arasında qapılı və qülləli qala divarlarının təsviri də maraq doğurur. Sarayda yeganə olan bu rəsmlərin səciyyəvi xüsusiyyəti onlarda perspektivini mövcudluğu və rəsmetmə mütənasibliyinə əməl olunmasıdır. Bu da süjetlərin realist şərhi yollarına bələd olan sənətkar tərəfindən icra olunduğunu təsdiqləyir. Onlar rəsmetmə dəqiqliyi və yüksək icra sənətkarlığı ilə fərqlənirlər”.
Azərbaycan təsviri və dekorativ-tətbiqi sənətinin tədqiqinə yaddaqalan töhfələr vermiş N.Miklaşevskayanın bu yığcam şərhinin doğurduğu suallar çox olmasa da, zamanında bu məkanda nə baş verdiyinin aydınlaşdırılması tarixin yaşadılması baxımından əhəmiyyət daşıyır.
Doğrudan da, necə olmuşdur ki, saraydakı əsasən yerli sənətkarların yaradıcılığını özündə yaşadan miniatür üslublu divar rəsmləri ilə eyni məkanda daha fərqli – realist-gerçəkçi estetikaya malik olan bu təsvirlər çəkilmişdir? Əgər buranın adi mülki tikili olmayıb, bilavasitə Şəki xanları ilə bağlı olduğunu nəzərə alsaq, onda elə ilk baxışdan “yad”lığı görünən bu bədii ifadə vasitəsinin burada yer almasını necə izah etmək olar? Həmin təsvirlərə ona görə “yad” deyirik ki, Orta əsrlər Azərbaycan təsviri və dekorativ-tətbiqi sənətində öz yaradıcılığında realizm bədii ənənələrinə əsaslanan və Şəki Xan sarayındakı rəsmlərə bənzər əsərlər yaradan sənətkarlar olmamışdır. Odur ki, onların hansısa xarici ölkə rəssamı tərəfindən çəkildiyini ən azı ehtimal etmək olar.
Bu fərqi görən tanınmış sənətşünas Boris Denike də saraydakı həmin təsvirləri Çin rəssamlığına aid Orta Asiya divar rəsmləri ilə müqayisə etmişdir: “Bu rəsmlərdə Çin incəsənəti ilə, xüsusən ağ-mavi farfor təsvirləri ilə əlaqəni görməmək mümkün deyil”. Amma axtarışlar göstərir ki, müəllif şərqli yox, qərbli olmuşdur...
1820-ci ildə Qafqazın Rusiyaya birləşdirilməsi hadisələrinin bilavasitə iştirakçısı olan ispaniyalı inqilabçı Xuan Van Qalen (1788-1864) xatirələrində (“İki il Rusiyada”) Şəkidə olmasından söz açmış və sarayın birinci mərtəbəsindəki məişət tutumlu realist rəsmlərin italiyalı əsgər tərəfindən çəkildiyini qeyd etmişdir. Onun yazdıqlarına görə, Çin ruhunda işləyən həmin əsgər 1818–1819-cu illərdə sarayda olmuş və buradakı rəsmləri işləmişdir. İtaliyalı əsgərin Şəkidə peyda olmasının əsl səbəbini sona qədər bilməsək də, qovaq ağacının ən yaxşılarından sayılan “İtaliya növü”nün Xan sarayının həyətində əkilməsi bizi bəzi ehtimallara köklənməyə sövq edir. Haqqında söz açdığımız həmin illər Gülüstan müqaviləsi ilə yekunlaşan Rusiya-İran müharibəsindən sonra Şəkidə İsmayıl xan Xoyskinin hökmdarlıq etdiyi dövrə (1814-1819) təsadüf edir. O vaxtlar Şəki ipəyinin bir çox xarici ölkələrə, o cümlədən də İtaliyaya ixrac olunduğunu nəzərə alsaq, onda tərəflər arasında əlaqələrin mövcudluğunu da ehtimal etmək olar. Bu mənada baş verən proseslərin qarşılığında Avropa intibahının beşiyi sayılan İtaliyadan əsgər-rəssamın Şəkiyə gəlməsi inandırıcı görünür. Hər halda yerli adamlar Xuan Van Qalenə saraydakı başqalarından fərqlənən bu rəsmlərin məhz italiyalı əsgər tərəfindən çəkildiyini bildiriblər. Bəlkə də bu rəsmlərin yaradıcısı heç əsgər yox, başqa peşə sahibi olub? Ən önəmlisi nəticədir. Nəticə isə bundan ibarətdir ki, adını bilmədiyimiz həmin əcnəbi – Avropa bədii ənənələrinə malik olan bir adam Şəki Xan sarayının Şərq ruhlu bəzək örtüyünə öz töhfəsini verib, Avropa ruhu qatıb...
Yuxarıda vurğuladığımız kimi, italiyalının yaratdığı rəsmlər sarayın birinci mərtəbəsindəki bəzəkli staliktitlərin adicə tərkib hissəsi sayıldığından və indiyə kimi əhatəli şəkildə ictimaiyyətə təqdim olunmadığından, haradasa bir az da naməlum qalmışdır. Rəsmlərin tamaşaçı baxışları səviyyəsindən yüksəkdə yerləşməsi ilə yanaşı, onun ölçülərinin çox kiçik olması, o qədər də işıqlı olmayan və ikinci mərtəbə ilə müqayisədə az hündürlüyə malik olan otaqda onun qabarıq görünməsinə mane olmuşdur...
Həmin rəsmləri səciyyələndirməzdən əvvəl deyək ki, onların çəkilişinə icazənin verilməsi ilk növbədə əcnəbinin sənətkarlığına böyük inamın ifadəsi hesab olunmalıdır. Belə ki, Xan sarayının XVIII əsrdə çəkilən və XIX yüzillikdə bir neçə dəfə yenilənən divar rəsmləri olan məkana müdaxilə yalnız sifarişçinin icraçıya, həmin yaradıcının isə özünə inamının nəticəsi sayılmalıdır. Ona göstərilən bu etimadı bəlkə də əsgər-rəssam daha əhatəli tutuma malik əsər yaratmaqla da həyata keçirə bilərdi. Elə birinci mərtəbədə bunu gerçəkləşdirməyə imkan verən boş divar səthləri də vardı. Amma onun özünün realist-gerçəkçi üslubunun buradakı Şərq ruhlu, dekorativ-şərti tutumlu divar rəsmlərinin estetikası ilə həmahəng səslənəcəyinə sona qədər inanmadığından, öz istedadını birinci mərtəbənin stalaktitlərində əyaniləşdirməyə üstünlük verib. Bəzəkli stalaktitin əlvan güllərdən tərtib olunmuş hissələrinin qonşuluğunda – çoxbucaqlı daxilinə çəkilmiş həmin təsvirlərin memarlıq ayrıntısının mürəkkəb bəzək örtüyü ilə uyuşduğunu duymaq elə də çətin deyil. Yeri gəlmişkən deyək ki, stalaktitin forma-biçimi və naxış örtüyü elədir ki, əcnəbi rəssamın istifadə etdiyi sahənin ona qədər boş olmadığı duyulmaqdadır. Qənaətimizcə, həmin naxışlı sahə təmizləndikdən sonra italiyalı rəssam tərəfindən bəzədilmişdir.
Görünənlərə əsasən demək olar ki, müəllifin süjet-motiv lakonikliyinə və rəng seçiminin özünəməxsusluğuna üstünlük verməsi, həmin kiçikölçülü təsvirlərin bədii-şərti tutumu ilə tikilinin monumentallığına rəng qatan nəbati kompozisiyaların arasında, nisbi də olsa, qabarıq görünməsini şərtləndirmişdir. Əcnəbi rəssamın stalaktit-təsvirləri kifayət qədər zəngin tutumludur.
İnsan və heyvan təsvirlərindən, eləcə də təbiət ayrıntılarından tərtib olunmuş bu süjetli görüntülər məhdud məkan daxilində yerləşdiyindən, həmin yerlərdə kompozisiyaların çoxfiqurlu olmasına imkan verməmişdir. Bunu əvvəlcədən duyan müəllif öz fikrini daha geniş formada ifadə etmək üçün bir neçə çoxbucaqlı sahədən istifadə etməyə qərar vermişdir. Başqa sözlə desək, üç-dörd sahədə – yan-yana verilmiş fiqurlarda vahid bir kompozisiyanın ayrıntıları yer almışdır. Bunun nəticəsində əllidən çox fiqur on beşdən çox süjetli motivin yaradılmasında iştirak etmişdir. Bunlar insanların gündəlik həyatına, onun çoxsaylı qayğılarına, istirahətinə və s. həsr olunmuş süjetlərdir.
Burada insanlarla heyvanları, ayrıca heyvan və quşları, musiqiçiləri, rəqs edən qadınları, səyyar sirk artistlərini, milli və Avropa geyimli tamaşaçıları və s. bir araya gətirən “görüntü məcmusu”nda müəyyən məna-məzmun daşıyıcılığının mövcudluğu birmənalıdır. Müəllifin çiyni çomaqlı şiri, qavalçalan qoyunu, klarnetçalan tülkünü əhatə edən “Bosxvari” kompozisiyasında həm də məzmun “aysberqliyi” hiss olunandır...
Təsvirlərin bədii xüsusiyyətlərindən söz açarkən, bu monoxrom görüntülərdə ifadə olunan reallığı xüsusi vurğulamaq lazımdır. Tünd-göy rənglə işlənmiş fiqurlarda əks olunan ifadəlilik, səciyyəvi hərəkət, perspektivin mövcudluğu – məkan dərinliyini göstərmək istəyi müəllifin Avropa bədii ənənələri ilə tanışlığından xəbər verir. Buna baxmayaraq, bu rəng monoxromluğunun staliktitlərin bəzək örtüyündəki əlvan-nikbin aurasında “ərimədiyini”, bu zənginliyin dominantına çevrildiyini təsdiqləyir...
Ziyadxan ƏLİYEV
Əməkdar incəsənət xadimi, professor