Böyük Britaniyada yaşayan azərbaycanlı icmasının 300-dək üzvü Ermənistanın ölkəmizlə sərhəddə törətdiyi son hərbi təxribatlara etiraz olaraq Londonda dinc aksiya və yürüş keçirib.
Əvvəlcə BBC teleradio korporasiyasının London ofisi qarşısında aksiya keçirilib, həmvətənlərimiz müxtəlif şüarlar və Azərbaycanın dövlət himnini səsləndiriblər.
Sonra aksiya iştirakçıları Trafalqar meydanından və Britaniya Baş Nazirinin ofisinin önündən keçərək parlament binasına doğru yürüş edib və yolboyu “Biz sülh istəyirik!”, “Biz ədalət istəyirik!”, “Qarabağ bizimdir-bizim olacaq!” kimi şüarlar səsləndirib, ermənilərin Los-Ancelesdə azərbaycanlılara qarşı zorakılığına diqqət çəkərək bu cür zorakı təxribatlara son qoyulmasının vacibliyini vurğulayıblar. Yürüş iştirakçıları Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş rayonlarının adlarını ucadan sadalayıblar.
Həmvətənlərimiz Britaniya parlamentinin qarşısındakı aksiyada Azərbaycan həqiqətlərinə diqqət çəkərək Ermənistanın təcavüzünə son qoyulmasını tələb ediblər. Sonra “Sarı gəlin” xalq mahnısını oxuyublar.
Təhlükəsizliyin təmin edilməsi üçün əraziyə çoxsaylı polis qüvvələri cəlb edilib. BBC-nin ofisinin qarşısında keçirilən aksiya zamanı Britaniyadakı erməni icmasının 50 nəfərədək qrupu tədbiri pozmağa çalışsa da, azərbaycanlıların sayca çox olduğunu və ərazidə güclü təhlükəsizlik tədbirlərinin həyata keçirildiyini görərək yürüşə mane olmaqdan çəkinib.