Azərbaycan istehsalı olan film Avropanın önəmli kino forumlarından biri sayılan Sarayevo Film Festivalının əsas müsabiqə proqramına daxil edilib.
Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilən “Daxildəki ada” tammetrajlı bədii filminin quruluşçu rejissoru Rüfət Həsənovdur. İlk dəfə tammetrajlı Azərbaycan bədii filmi Sarayevo festivalının əsas müsabiqə proqramında yer alır.
14-21 avqust tarixində keçiriləcək 26-cı Sarayevo Film Festivalının jürisinə “Oskar” mükafatlı “Artist” filminin rejissoru Mişel Hazanaviçius rəhbərlik edəcək. Münsiflər heyətinə, həmçinin Berlin Film Festivalının bədii rəhbəri Karlo Şatrian, aktrisa Yadranka Dokiç, rejissor Srdan Qoluboviç və Morelia Film Festivalının (Meksika) layihə rəhbəri Andrea Stavenhagen daxildir.
“Daxildəki ada” tammetrajlı bədii filmi “Azərbaycanfilm”, “Debüt” film studiyası, “Arizona Productions”, “Coyote Cinema” və “Mandarin Agency”in birgə istehsalıdır. Filmin post-prodakşn dəstəyi CNC – Fransa Dövlət Kino və Animasiya Mərkəzi və Bakı Media Mərkəzinə, media dəstəyi isə İctimai Televiziyaya aiddir.
Filmin baş qəhrəmanı Seymur Tahirbəyov dünyanın qabaqcıl şahmat qrossmeysterlərindən biridir. O, karyerasının ən önəmli oyunundan bir neçə həftə öncə özünü kəşf etmək məqsədilə gizlincə yalnız bir nəfər sakini olan adaya yola düşür...
Filmin ssenari müəllifi Rüfət Həsənov, quruluşçu operatoru Orxan Abbasov, quruluşçu rəssamı Elturan Məmmədov, bəstəkarları Katya Yonder və Fərhad Fərzəli, səs rejissoru Teymur Kərimov, ikinci rejissoru Kamran Ağabalayev, icraçı prodüseri Nadir Əliyevdir.
Əsas rolları Orxan Ata, Vidadi Həsənov, Qurban İsmayılov, Rafiq Əzimov və Elvin Adıgözəl ifa edirlər.