İyulun 25-də Şanxay Beynəlxalq Film Festivalı (SİFF) pandemiya ilə əlaqədar proqramını qısaltmaq və bir çox tədbirlərini onlayn rejimə keçirməklə açıq elan olunub.

Festivalın bütün nominasiyaları üzrə filmlər seçilsə də, qaliblərə mükafatlar verilməyəcək. Əsas mərasimin keçirilməsi də pandemiya ilə əlaqədar ləğv olunub.

Aylarla davam edən karantin müddətində böyük ekrandan ötrü darıxmış çinli kino həvəskarları kinoteatrlara getmək fürsəti qazanıblar. Festivalın budəfəki proqramına 320 film daxil edilib. Filmlərə Şanxayın 29 kinoteatrında baxmaq mümkündür.

Biletlərin onlayn satışı artıq iyulun 20-dən başlayıb və kinosevərlər arasında ajiotaj yaradıb. Festival avqustun 2-dək davam edəcək.

Qeyd edək ki, Şanxay Beynəlxalq Film Festivalı 1993-cü ildən keçirilir. Festivalın münsiflər heyətinə müxtəlif vaxtlarda dünya şöhrətli kinematoqrafçılar daxil olub. Bu, 2020-ci il pandemiyası dövründə kinoteatrlarda nümayişi təşkil edilən hələlik ilk festivaldır.

SƏBİNƏ