“Min bir gecə“ baleti Vyanada, “Məhəbbət əfsanəsi” Los-Ancelesdə

Bütün dünyanı bürüyən pandemiya mədəni həyatda da ciddi durğunluq yaradaraq, demək olar ki, əksər ölkələrdə yay mövsümünün ənənəvi beynəlxalq festivallarını təxirə salıb. Ölkəmizdə də ənənəvi olaraq iyul-avqust aylarında keçirilən “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı (Şəki), Qəbələ Beynəlxalq Musiqi Festivalı, JARA  Beynəlxalq Musiqi Festivalı (Bakı) bu il gerçəkləşmədi. Bununla belə, mədəniyyət və incəsənət layihələri mövcud şərtlər çərçivəsində, yeni format və təqdimatlarda, o cümlədən virtual müstəvidə, onlayn şəkildə, qismən də olsa, reallaşır.

Avropada klassik musiqinin beşiyi sayılan Vyana şəhərində ilin bütün mövsümlərində müxtəlif səpkili mədəniyyət tədbirləri, festivallar, konsert və tamaşalar təşkil olunur. Onların sırasında Vyana Şəhər Bələdiyyəsi önündə açıq havada təşkil olunan Vyana Film Festivalının özünəməxsus yeri var. Bu il koronavirus pandemiyası Avstriya paytaxtında da mədəni tədbirlərə ciddi şəkildə “əl gəzdirsə” də, festival proqramı Bələdiyyə meydanında (Rathausplatz) quraşdırılmış böyük ekranda nümayiş olunur.

 “Musiqi ekranda” adlı builki  Vyana Film Festivalı iki ay – 4 iyuldan 6 sentyabradək davam edəcək. Festivalın proqramına klassik musiqi konsertləri, opera və balet tamaşaları, müasir musiqi, pop, caz, rəqs və s. konsertlərin videoyazıları daxildir. Hər axşam Vyana sakinləri və şəhərin qonaqları Avropanın və dünyanın görkəmli bəstəkarlarının musiqilərini dinləyir, məşhur solist və kollektivlərin ifasını ekranda izləyirlər.

Builki festivalda ilk dəfə olaraq təşkilatçılar Azərbaycan klassik musiqisinə müraciət ediblər. Festival çərçivəsində avqustun 5-də dünya şöhrətli Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Min bir gecə“ baletinin videoyazısı nümayiş olunub.

Qeyd edək ki, festivalda təqdim olunan “Min bir gecə” baleti 2019-cu ildə Bakıda, Heydər Əliyev Sarayında Rusiyanın məşhur “Kreml baleti” teatrının quruluşunda (xoreoqrafiya – Andrey Petrov) təqdim olunub. Həm möhtəşəm musiqisi, melodiya rəngarəngliyi, həm də səhnə tərtibatına görə alqış doğuran “Min bir gecə”nin Vyanada böyük ekranda nümayişi də böyük maraqla qarşılanıb.

Qeyd edək ki, 4 iyulda Lüdviq van Bethovenin “Fidelio” operasının nümayişi ilə başlayan festival sentyabrın 6-da  Jorj Bizenin “Karmen” operasının film-tamaşası ilə yekunlaşacaq.

Vyana Film Festivalının xüsusiyyətlərindən biri də Bələdiyyə meydanında qurulan kulinariya köşkləridir. Milli və beynəlxalq mətbəxin təqdim olunduğu həmin köşklər sayəsində festivala gələnlər həm musiqidən, həm də ləzzətli təamlardan zövq ala bilirlər.

***

Okeanın o tayında – ABŞ-da isə Azərbaycan musiqisinin daha bir görkəmli nümayəndəsi Arif Məlikovun əsəri onlayn festivalın proqramında yer alıb. Los-Ancelesdə keçirilən Yay onlayn festivalında Azərbaycanın violonçel ifaçısı Ruslan Biryukov və pianoçu Frank Fettanın ifasında L.Bethoven, F.Şopen, N.Paqanini, C.Gerşvin, S.Raxmaninov və digər bəstəkarların əsərləri ilə yanaşı, Arif Məlikovun dünya şöhrətli “Məhəbbət əfsanəsi” baletindən “Noktürn” əsəri də səslənib.

Bu barədə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyasının direktoru, Əməkdar incəsənət xadimi, professor Tərlan Seyidov məlumat verib. Onun sözlərinə görə, ifadan əvvəl əsər haqqında məlumat verən Ruslan Biryukov Azərbaycanda doğulduğunu və doğma ölkəsinin bəstəkarının parlaq əsərini təqdim edəcəyini bildirib. “Noktürn”ün gözəl qəlbəyatan musiqisi məşhur ifaçılar R.Biryukovun və F.Fettanın orijinal interpretasiyasında xarici dinləyicilər tərəfindən maraqla qarşılanıb.

Tanınmış violonçel ifaçısı Ruslan Biryukov Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyasında, daha sonra isə P.İ.Çaykovski adına Moskva Konservatoriyasında təhsil alıb. Məktəb-studiyada oxuyarkən beynəlxalq və respublika müsabiqə və festivallarında iştirak edib, onun adı “Yeni adlar” Rusiya beynəlxalq proqramının “Qızıl kitab”ına daxil edilib. Gənc yaşlarından Azərbaycan bəstəkarlarının əsərlərini təbliğ edən R.Biryukov çox zaman onların ilk ifaçısı olub. Hazırda Qlendeyl Filarmonik Orkestrinin rəhbəri və Los-Ancelesdə “Positive Motions” konsertlər seriyasının bədii rəhbəridir.