Azərbaycanda kino sənətinə töhfələr verən adlar sırasında kinoşünas, kinorejissor, ssenarist, Əməkdar incəsənət xadimi Ayaz Salayevin özünəməxsus yeri var. O, vaxtilə Azərbaycan Televiziyasında aparıcısı olduğu “Retro” verilişi vasitəsilə tamaşaçılara, dünya kinosuna maraqla yanaşı, həm də bir kino mədəniyyəti aşılayıb. Ayaz Salayev ölkəmizdə bu sənətin təbliği və populyarlaşmasında mühüm xidmətləri olan kino xadimidir.

60 illik yubileyini qeyd edən səbəbkarla qısa müsahibəmizdə ad günü təəssüratlarına və təbii ki, yenə də kino ilə bağlı mövzulara müraciət etdik.

 

Öncə qısa dosye…

 

Ayaz Salayev 1960-cı il avqustun 1-də Bakıda anadan olub. 1977-1982-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun (ÜDKİ) Kinoşünaslıq fakültəsində təhsil alıb. 1983-1985-ci illərdə “Azərbaycanfilm”də redaktor vəzifəsində çalışıb. 1986-1988-ci illərdə ÜDKİ-nin aspiranturasında oxumaqla bərabər, həmin təhsil ocağında “Müasir film” fənnini tədris edib. 1995-ci ildə çəkdiyi “Yarasa” filmi müxtəlif ölkələrdə keçirilən 30-a yaxın festivalda iştirak edib, Fransanın Anje şəhərində Beynəlxalq Avropa kinosu festivalında Qran-priyə, digər mükafatlara layiq görülüb. Kino sənətinin inkişafında xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb. Müxtəlif təhsil ocaqlarında kino tarixindən dərs deyib.

 

“Ad günlərimi həmişə kədərli keçirirəm...”

 

– İndiyədək keçirdiyiniz ad günlərindən hansını daha çox xatırlayırsınız?

– Səmimi cavab versəm, bu günə kimi heç bir ad günüm istədiyim kimi keçməyib. Amma yadımda qalan bir ad günüm olub. 1982-ci ildə mən Moskvada artıq təhsilimi bitirib Bakıya qayıtmalı idim. Hardasa iyul ayının əvvəlində.  Evə dedim ki, istəyirəm bu dəfə ad günümü Moskvada keçirim. Bir ay əlavə qaldım və avqustun 1-də yataqxanada qalan dostlarımla, 4-5 nəfərlə ad günümü qeyd etdim. Etiraf edim ki, onlara heç fərli bir qonaqlıq da verə bilmədim. Amma yenə də nəsə elədim. O ad günü ən yadımda qalanıdır. 

 

– Yubileyi qeyd etmək necə hissdir?

– Bu yaşda artıq qocalmaq qorxusu gündən-günə artır. Yubiley heç bir hiss ifadə etmir. Düzünü desəm, ad günüm olan tarixdə fikirləşirəm ki, bu gün kaş tez bitərdi. Ad günlərimi həmişə kədərli keçirirəm. 

 

– 60 yaşın neçə ili kinonun payına düşür?

– 17 yaşımdan hesablayanda 43 ili. 1977-ci ildən kino üzrə təhsil almağa başladım.

 

– Bu 43 ildə bizim kinoya nəzər salanda mənzərə neçə görünür?

– Sözün düzü, vaxtilə məni Moskvaya ÜDKİ-yə oxumağa sövq edən dünya kinosuna marağım idi. Dünya kinosuna məhəbbət məni bu sahəyə gətirdi. Təbii ki, dövr başqa idi,  70-ci illər idi, xaricə çıxış yox idi və biz xaricə daha çox meyil göstərirdik. Necə ki, indi düşünürəm, o vaxt bu düşüncələr bizə yuxu kimi gələrdi. Müstəqil Azərbaycanın kinosu anlamı mənasında deyirəm. O vaxt gənc yaşlarımda mən Azərbaycan kinosu ilə bağlı tamam başqa düşüncələrə malik idim. Bu gün mən özümü tam olaraq Azərbaycan kino ailəsinin üzvü hesab edirəm.

 

– Müəyyən dövr məşhur simalardan birinə çevrildiniz. “Retro” verilişinin aparıcısı olaraq hər bir ailədə sevildiniz. Bu sevgi hələ də davam edir?

– Bəli, tanıyırlar, sevgilərini bildirirlər. Salam verirlər və bu sevgi hələ də qalır. Düzünü desəm, səbəbini bilmirəm. Bu, çox böyük sevinc hissidir. Hərdən düşünürəm ki, bu məhəbbətin davam etməsinə səbəb o ola bilər ki, mən özümü heç vaxt heç kimdən yuxarı tutmamışam, sənətimə adi, həm də sevgi ilə yanaşmışam. Çalışmışam ki, həmişə səmimi olum. Heç vaxt kinoya bir vasitə kimi yanaşmamışam. Yəni məşhur olum, varlı olum. Təbii ki, şöhrət də, populyarlıq da, pul da lazımdır. Kim desə ki, lazım deyil, buna inanmaram. Çünki bu mənə də lazımdır. Amma bu sadalananlar mənim məqsədim olmayıb. 

 

– Son illər rejissorlar komiks və digər mövzulara müraciət edirlər. Ədəbi əsərlərə müraciət zəifləyib. Nəyə görə klassikaya maraq azalıb?

– Bu çox gözəl sualdır. Deyərdim ki, bütün dünyada və eləcə də bizdə bu proseslər gedir və mənim xoşuma gəlməyən proseslərdir. Hazırda kinoya artıq dünya mədəniyyətinin bir hissəsi kimi yanaşmırlar. Kino çox müstəqilləşir, dünya mədəniyyəti anlayışından ayrılır. Amma dünya mədəniyyəti içində memarlıq, ədəbiyyat, poeziya, təsviri sənət, musiqi və s. var. Bütün bunlar dünya mədəniyyətində xüsusi bir təfəkkür yaradır və kino nədənsə artıq bu təfəkkürü ifadə etmək istəmir. İndi kinoya gələn cavanların arasında (düzdür, hamıya şamil etmək olmaz), əfsuslar olsun ki, savadsızlar da çoxdur. Mən gənc rejissor tanıyıram ki, bir şeir əzbər bilmir, yazıçılarımızı tanımır, amma film çəkir. Bu da ona dəlalət edir ki, həmin qeyd etdiyiniz klassikadan xəbəri belə yoxdur. 

 

– Hazırda hansısa kino layihəsi üzərində çalışırsınızmı?

– Bu günlərdə tammetrajlı sənədli filmi bitirdim. Gözləyirəm, pandemiya bitsin və filmin premyerasını edim.  Bundan sonra bir tammetrajlı bədii film üzərində işə başlayacağam.

 

– Bir dəfə oxumuşdum ki, kinoplyonkaya çəkilən filmlər azaldıqca kino təsviri mədəniyyəti də itməyə başlayır. Bu fikir düzdürmü?

– Bu fikirlə tam razıyam. Rəqəmsal çəkiliş hər adama film çəkmək imkanı yaradır. Bununla da dəyərlər itir. Bütün bunlar kino sənətinə təsir edir.

 

– Yubiley münasibətilə yəqin çoxlu sayda təbriklər aldınız?

– Açığı, həmişə məni təbrik edəndə, haqqımda xoş sözlər deyiləndə, diqqət mərkəzində olanda bundan çəkinirəm. Bir də, bilirsiniz necədir, əslində. Belə günlərdə təbrik edənlər  yox, təbrik etməyənlər daha çox yadda qalır. Amma bu dəfə mənim üçün fəxr və şərəfli bir hadisə oldu ki, Mədəniyyət Nazirliyi yubileyimlə bağlı təbrik ünvanladı və bu təbrik KİV ilə yayımlandı. Həqiqətən, bu fakt məni çox sevindirdi.

 

– Biz də “Mədəniyyət” qəzeti olaraq bu təbriklərə qoşulur, Sizə yubiley münasibətilə xoş diləklərimizi bildirir, cansağlığı arzulayırıq!

LALƏ