Avqustun 2-də görkəmli dirijor və bəstəkar, SSRİ Xalq artisti, Azərbaycan və SSRİ Dövlət mükafatları laureatı, C.Nehru adına Beynəlxalq mükafat laureatı, Sosialist Əməyi Qəhrəmanı, maestro Niyazinin (Niyazi Zülfüqar oğlu Hacıbəyov-Tağızadə; 1912–1984) vəfatından 36 il ötdü.
Bu xatirə günündə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi və Niyazinin mənzil-muzeyinin əməkdaşları Fəxri xiyabanda görkəmli sənətkarın məzarını ziyarət ediblər.
Niyazinin Azərbaycan incəsənətinin çiçəklənməsi yolunda zəngin fəaliyyəti müasir mədəniyyət tariximizin parlaq səhifəsini təşkil edir. Milli dirijorluq məktəbinin formalaşması və az vaxtda böyük inkişaf yolu keçməsi bilavasitə onun adı ilə bağlıdır. Maestro Niyazi Azərbaycan musiqisində yaranmış yeni əsərlərin təbliğində, beynəlxalq aləmdə şöhrət qazanmasında müstəsna xidmətlər göstərib. Eyni zamanda bəstəkar kimi Azərbaycan musiqisində bitkin və dolğun məzmunlu simfonik əsərlər yaradaraq milli simfonizmin təşəkkülünə dəyərli töhfələr verib. Onun “Xosrov və Şirin” operası, “Rast” simfonik muğamı, “Çitra” baleti və onlarla irili-xırdalı əsərləri musiqi xəzinəmizin dəyərli inciləridir.