Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, İWS Globe – Beynəlxalq Sulu Boya Cəmiyyətinin Azərbaycan nümayəndəliyi (İWS Azerbaijan) və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Könüllülər ili” çərçivəsində mart ayında “Xəzərin dalğaları” adlı Beynəlxalq sulu boya festivalı elan edilmişdi. Festivalın birinci mərhələsində keçirilən müsabiqə başa çatıb və sərgidə nümayiş ediləcək əsərlərin qəbuluna başlanılıb.
Azərbaycan Dövlət Rəsm Qalereyasından bildirilib ki, müsabiqə sulu boya (akvarel) texnikası ilə çəkilmiş əsərlərə marağı artırmaq, həmçinin təsviri sənətin bu istiqamətində çalışan rəssamların yaradıcılığında Azərbaycanın təbiəti, tarixi abidələrini, mədəniyyətini, həmçinin müasir inkişafını dünyaya göstərmək məqsədilə keçirilib.
Müsabiqəyə 20-dən çox ölkədən 350-yə yaxın rəssam 500-dən çox əsər göndərib. Əsərlərdə ölkəmizin mətbəxi, maddi və mənəvi abidələri, sənət və sənətkarlıq nümunələri, geyim tərzi və qəhrəmanlıq örnəkləri təsvir edilib. 19 ölkədən (Azərbaycan, Avstraliya, Belarus, Boliviya, Bosniya və Herseqovina, Bolqarıstan, Kanada, Ekvador, Fransa, Hindistan, İran, Malayziya, Nepal, Polşa, Rusiya, Serbiya, Tailand, Türkiyə, Ukrayna) 100 rəssamın hər birinin bir əsəri sərgilənmək üçün seçilib.
Qeyd edək ki, birinci mərhələdə müsabiqə iştirakçılarının əl işləri Azərbaycan və xarici ölkələrin münsiflər heyətinin üzvləri tərəfindən dəyərləndirilib və mükafatçılar müəyyənləşib.
Festivalda sərgilənmək üçün seçilən xarici ölkələrdən çoxsaylı iştirakçılar öz əsərlərini yekun sərgidə nümayiş etdirmək üçün artıq Bakıya göndərməyə başlayıblar. Sərgidə nümayiş ediləcək iştirakçıların əsərlərinin qəbulu davam edir.
Müsabiqənin yekun sərgisinin keçirilməsi ilə bağlı təşkilati məsələlərə pandemiya ilə əlaqədar tətbiq olunan sosial izolyasiya tədbirləri bitdikdən sonra baxılacaq, həmçinin əsərlərdən ibarət kataloq çap olunacaq.