Azərbaycanın görkəmli ədibi, dövlət xadimi, maarifçi, müəllim, həkim Nəriman Nərimanovun (1870-1925) anadan olmasının 150 illiyi Gürcüstanın paytaxtında qeyd edilib.
Tədbir iyulun 31-də Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi, Nəriman Nərimanovun Tbilisidəki xatirə muzeyi və Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin birgə təşkilatçılığı ilə reallaşıb.
Tədbir iştirakçıları əvvəlcə Nərimanovun Marneulidəki abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Sonra yubiley tədbiri Tbilisidəki Nəriman Nərimanovun xatirə muzeyində davam etdirilib.
Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin icraçı direktoru Aygül İsayeva çıxış edərək görkəmli ictimai xadim və yazıçının 150 illik yubileyinin qeyd edilməsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamının əhəmiyyətini diqqətə çatdırıb. O, ədibin həyat və yaradıcılığından danışaraq bildirib ki, Nərimanov Azərbaycan və gürcü xalqlarının dostluq simvoludur.
Sonra Nərimanovun yaradıcılığının ayrı-ayrı sahələri barədə məlumat verilib.
Gənclər və tələbələr böyük ədibin əsərlərindən parçalar söyləyiblər.