ABŞ-ın “Warner Bros” kinostudiyası rejissor Kristofer Nolanın  “Arqument” (“Tenet”, 2020) filminin premyerasını avqustun 26-na təyin edib.

Kinostudiya İMAX kameraları ilə çəkilən ekran əsərinin seansına biletlərin yaxın zamanlarda satışa çıxarılacağına söz verib. Bu, koronavirus pandemiyası başlayandan sonra “Warner Bros”in ilk premyerası olacaq.

Qeyd edək ki, ilkin olaraq filmin nümayişi iyulun 17-nə nəzərdə tutulmuşdu. Ancaq sonradan pandemiya ilə əlaqədar olaraq bir neçə dəfə təxirə salındı. Bundan öncə filmin debütü iyulun 31-nə, sonra isə avqustun 12-nə təyin edilmişdi.

Kristofer Nolanın yeni filmi dünyanı xilas etməyə çalışan agentdən bəhs edir. Baş rolları Robert Pattinson və Con Devid Vaşinqton canlandırıb.

***

Dünyada pandemiyanın ən ağır zərər vurduğu sahələrdən olan kino sənayesinin özünün necə dirçəlməsi aktual mövzudur. Ayrı-ayrı ölkələrdə kinoteatrlar tədricən və məhdud tamaşaçı qəbul etməklə fəaliyyətə başlasa da, bu hələlik kino sənayesi üçün xilas yolu deyil.

Koronavirusun ilk olaraq yayıldığı Çində kinoteatrlar bir neçə aylıq fasilədən sonra fəaliyyətə başlayıb. İyulun sonlarından etibarən ümumilikdə 5 min kinoteatr – ölkə üzrə belə məkanların təxminən yarısı açılıb.

Kinoteatrlarda seanslar zamanı zəruri sosial distansiya tələbləri nəzərə alınır. Bu səbəbdən kino zallarına mövcud tamaşaçı yerinin təxminən 30 faizi qədər bilet satılır.