“Xəzərin dalğaları” Bakı Beynəlxalq Sulu boya Festivalı çərçivəsində rəssam Cəlal Ağayevin ustad dərsləri keçiriləcək. Azərbaycan Dövlət Rəsm Qalereyasından bildirilib ki, festivalın ilk ustad dərsi avqustun 14-də (saat 12:00) “Zoom” proqramı üzərindən reallaşacaq.

Xətai Sənət Mərkəzinin (+994) 12 490 84 51/52/53, (+994) 50 564 40 70 nömrələri ilə əlaqə saxlayıb qeydiyyatdan keçərək ustad dərsini canlı yayım vasitəsilə izləmək mümkündür. Sənətsevərlər ustad dərsini Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media (“Facebook”, “İnstagram”) hesabları vasitəsilə də izləyə bilərlər.

“Xəzərin dalğaları” festivalı Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, İWS Globe – Beynəlxalq Sulu boya Cəmiyyətinin Azərbaycan nümayəndəliyi (İWS Azerbaijan) və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə təşkil olunub. Festival sulu boya (akvarel) texnikası ilə çəkilmiş əsərlərə marağı artırmaq, həmçinin təsviri sənətin bu istiqamətində çalışan rəssamların yaradıcılığında Azərbaycanın təbiətini, tarixi abidələrini, mədəniyyətini, müasir inkişafını dünyaya göstərmək məqsədilə keçirilir.