Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alla Bayramova P.İ.Çaykovskinin Dövlət Memorial Musiqi Muzey-Qoruğunun (Moskva vilayəti, Klin şəhəri) direktoru Vladimir Lisenkonun dəvəti ilə avqustun 7-də “Musiqi muzeyi regionun inkişaf amili kimi” Beynəlxalq elmi-praktiki onlayn konfransında çıxış edib.

Konfrans böyük rus bəstəkarı Pyotr Çaykovskinin 180 illiyinə həsr olunmuş festival çərçivəsində keçirilib.  Konfransda müxtəlif ölkələrin musiqi muzeylərinin direktorları və musiqiçiləri iştirak ediblər.

A.Bayramova çıxışında Azərbaycanın musiqi muzeyləri, Heydər Əliyev Mərkəzinin “Birlik və müxtəliflik” adlı dünya xalqlarının musiqi alətləri daimi sərgisi, Tovuz Dövlət Aşıq Sənəti Muzeyi haqqında söhbət açıb. O, həmçinin Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində dahi bəstəkar Üzeyir Hacıbəylinin, böyük vokalçı Bülbülün və tarzən Qurban Pirimovun memorial muzeylərinin məhv edildiyini diqqətə çatdırıb.

LALƏ