Milli Azərbaycan Tarixi Muzeyinin aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru, dosent Əli Fərhadovun “Azərbaycan” qəzetində (1947–1949) publisistika, mədəniyyət və ictimai-siyasi, iqtisadi məsələlər” adlı monoqrafiyası nəşr olunub.
Bu barədə muzeydən məlumat verilib. Monoqrafiyanın elmi redaktoru tarix elmləri doktoru Nərgiz Əliyevadır.
Kitab 1945-1946-cı illərdə Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə Cənubi Azərbaycanda milli hökumət qurmuş, onun süqutundan sonra isə Şimali Azərbaycana (Azərbaycan SSR) mühacirət etmiş Azərbaycan Demokrat Firqəsinin Bakıda nəşr olunan (1947–1949-cu illər) mətbu orqanı – “Azərbaycan” qəzeti haqqındadır.
Monoqrafiyada qəzetin materialları əsasında Cənubi Azərbaycanda “21 Azər” hərəkatı, şah rejimi əleyhinə xalq mübarizəsi, dövrün ziyalıları, dövlət xadimləri, ictimai-siyasi, iqtisadi problemlər, milli maarifçilik, təhsil, din, mədəniyyət və s. haqqında bəhs olunur.