Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) 2 nömrəli filialı “Qarabağın mədəni irsi” layihəsini davam etdirir. Bu dəfə layihə çərçivəsində Xalq rəssamı Lətif Kərimovun həyat və yaradıcılığına həsr olunmuş videoçarxlar təqdim edilib.
Videomaterialda Azərbaycan xalça sənətinin fundamental elmi əsaslarını yaradan, naxışların sirrini açaraq dünyada birinci xalça muzeyinin təşəbbüskarı olan Lətif Kərimovun çoxşaxəli yaradıcılığı işıqlandırılıb. Diqqətə çatdırılır ki, 1967-ci ildə Lətif Kərimovun təşəbbüsü ilə Bakıda unikal muzeyin – Azərbaycan Xalça Muzeyinin əsası qoyulub.
***
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin İnformasiya-resurs şöbəsi tərəfindən işğal olunmuş rayonlarımız haqqında videoçarxlar hazırlanır. Kitabxananın əməkdaşı Gülnar Allahverdiyevanın hazırladığı videoçarx Kəlbəcər rayonuna həsr olunub. Videoçarxda Kəlbəcərin İstisu qəsəbəsi və məşhur mineral suyu, tarixi abidələri, coğrafi mövqeyi, işğaldan sonrakı və əvvəlki görüntüləri fotoların müşayiəti ilə nümayiş olunur.
“Youtube” kanalında yayımlanan videoçarxda Kəlbəcərin Zar kəndi ilə bağlı çəkilmiş qısa videolent də yer alır. Zar kəndinin tarixi qədim divarları, İslamdan qabaq – xristianlıq dönəmində Xaçın knyazı, qıpçaq türkü Həsən Cəlalın tikdiyi məbəd, dağlıq ərazilər videolentdə göstərilir. Həmçinin Kəlbəcərin toponimləri, Milli Qəhrəmanları haqqında məlumatlar diqqətə çatdırılır.
***
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Qaradağ rayon MKS-nin 5 nömrəli filialı “Şəhidlər ölməz, Vətən bölünməz!” layihəsi çərçivəsində Milli Qəhrəman Mübariz İbrahimov haqqında videoçarx hazırlayıb. Videoçarxda Mübariz İbrahimovun döyüş yolunu əks etdirən fotoşəkillər oxuculara təqdim olunub.
Videoçarxda deyilir: “Vətən qaladır. Əzəmətli, vüqarlı qala! Qalanı ucalıq mərtəbəsində tutan, ruhunun ucalığı bilən, sal qaya kimi düşmənin qarşısını kəsən oğullardır. Bir-birinə arxa-dayaq olan bu qayaların ürəkləri Vətən sevgisiylə, Vətən eşqiylə döyünür. Onlar Vətənimizin işıqlı sabahları, aydın səmaları üçün döyüşür, Vətən üçün can əsirgəmir, şəhadətləriylə ölümü ucaldıb ölümsüzlüyə, əbədiyyətə qovuşurlar. Vətən sevgisiylə bizlərin qüruru, vüqarı, fəxri, ölməzliyi, örnəyi olan Mübariz İbrahimov kimi.
Şəhidlər əbədiyaşardır. Cəsurluq, igidlik, mərdlik nümayiş etdirən Mübariz İbrahimov Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzidir”.
***
Paytaxtın Sabunçu rayon MKS-nin 2 nömrəli filialı isə “Aşıq yaradıcılığı” silsiləsindən növbəti videoçarxı Aşıq Ələsgərə (1821-1926) həsr edib. Təqdimatda qeyd olunur ki, Göyçə mahalının Ağkilsə kəndində anadan olan Ələsgər Aşıq Alının şagirdi olub. Sənət sorağı elləri aşan aşıq İrəvana, Naxçıvana, Qarabağa, Cavanşir ellərinə dəvət olunar, özünün bənzərsiz ifası ilə məclisləri heyran qoyardı.
“Youtube” kanalında təqdim olunan videoçarxda vurğulanır ki, Aşıq Ələsgərin adı Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.
***
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon MKS-nin Uşaq şöbəsi balacalara öz nağıl töhfəsini verib. Bu dəfə kitabxananın əməkdaşı uşaqlar üçün tanınmış yazar Gülzar İbrahimovanın “İtirilmiş sevinc” nağılının oxuyub. Videoçarx kitabxananın sosial şəbəkə hesablarında təqdim olunub.