Türkiyənin paytaxtı Ankarada “Azərbaycanla həmrəylik gecəsi” devizi altında konsert təşkil olunub.
Ankaranın Keçiörən Bələdiyyəsi tərəfindən təşkil olunan proqramda Azərbaycanın Xalq artisti Azərin (Anaxanım Tağıyeva) və tanınmış türkiyəli sənətçi Elif Özer musiqisevərləri bir araya gətiriblər.
Musiqili axşamın rəsmi hissəsində çıxış edən Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Keçiörən Bələdiyyəsinin başqanı Turqut Altınok və Türkiyə Böyük Millət Məclisinin deputatı Zeynep Yıldız ölkələrimizin tarixi qardaşlıq münasibətlərindən söz açıblar.
Daha sonra konsert proqramı təqdim edilib. Açıq havada keçirilən konsert musiqisevərlərə xoş duyğular bəxş edib. Hər iki sənətçinin ifaları hərarətli alqışlarla qarşılanıb. Gecədə Azərbaycan-Türkiyə qardaşlığını əks etdirən şüarlar səsləndirilib.
Mehparə SULTANOVA
Ankara