Fikrət Əmirovun dünya şöhrətli əsəri Mariinski Teatrının Primorsk səhnəsində

Avqustun 14-dən sentyabrın 6-dək Rusiyanın Mariinski Teatrının Primorsk səhnəsində (Vladivostok şəhəri) 5-ci “Mariinski” Beynəlxalq Uzaq Şərq Festivalı keçirilir. Bu il festival böyük Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Min bir gecə” baletinin tamaşası ilə açılıb. Balet sənətinin incilərindən olan əsərə xoreoqrafiya quruluşunu  Mariinski Teatrının Primorsk səhnəsinin baş baletmeysteri, soydaşımız Eldar Əliyev verib. Tamaşanın dirijoru Əyyub Quliyevdir.

“Min bir gecə”nin yeni quruluşda premyerası Primorsk səhnəsində dalbadal üç gecə (14, 15, 16 avqust) böyük uğurla reallaşıb.

“Mariinski – Vladivostok” festivalının bu il Fikrət Əmirovun möhtəşəm əsəri ilə açılması Azərbaycan mədəniyyətinin təqdimatı baxımdan önəmli bir hadisədir. Görkəmli dirijor, Mariinski Teatrının direktoru və bədii rəhbəri Valeri Gergievin təşkilatçılığı ilə keçirilən festival sənətsevərlərin xüsusi marağını cəlb edib və “Min bir gecə”nin hər üç tamaşasına biletlər öncədən satılıb. Əsərin yaratdığı rezonans nəzərə alınaraq festivalın proqramına 3 sentyabr tarixində “Min bir gecə”nin daha bir tamaşası daxil edilib.

Təşkilatçıların xüsusi arzusunu nəzərə alaraq tamaşalarda Azərbaycan milli aləti olan tardan istifadə olunub. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının orkestrinin solisti, tarzən Ramin Əzimovun ifasında milli alətimizin əsərdə səslənməsi tamaşaya xüsusi rəng qatıb. Akademik Opera və Balet Teatrının baş dirijoru Əyyub Quliyev və Mariinski Teatrı arasında razılaşma əsasında tamaşalar bitdikdən sonra milli alət teatrın istifadəsinə veriləcək.

“Min bir gecə” baletinin tamaşalarında dünyanın müxtəlif ölkələrindən dəvət olunmuş üç müxtəlif heyət iştirak edib – Alina Samostrelova və Saki Nisida (Şəhrizad, Yaponiya), Liliya Berejnova (Nuridə), Sergey Umanets və Kanat Nadirbek (Şəhriyar), Gilyermo Cunio (Nökər), Aslan Əliyev (Sindibad), Şizuru Kato (Ruh quşu), Anastasiya Baluda (Şahzadə Budur), Denis Qolov (Cadugər), Natalya Demyanova (Mərcanə), Alexandro Kobezas (Əlibaba), Katerina Floriya, Sergey Amanbayevlə bərabər 16 avqust tamaşasında Sankt-Peterburqun Mariinski Teatrının əsas solistləri – Roman Belyakov (Şəhriyar), Renata Şakirova (Şəhrizad) və Yekaterina Çebıkina (Nuridə) tamaşaya xüsusi rəng qatıblar. Balet ifaçıları ilə bərabər əsərdə olan vokal bölümünü isə iki gənc soprano Anastasiya Kikot və Alina Mixaylik təqdim edib.

Qeyd edək ki, festivalın proqramına opera və balet sənətinin məşhur nümunələri daxildir. Avqustun 20-də A.Adanın “Korsar” baleti Eldar Əliyevin xoreoqrafiya quruluşunda təqdim ediləcək. Avqustun 21-də C.Verdinin “Riqoletto” operası nümayiş olunacaq. Proqramda P.Maskanyinin “Kənd namusu”, R.Vaqnerin “Nürnberq meqsterzingerləri” (konsert təqdimatında), C.Verdinin “Don Karlos” operaları və başqa əsərlər var. Festivala S.Prokofyevin “Hərb və sülh” operası (5-6 sentyabr) ilə yekun vurulacaq.

Yeri gəlmişkən, festivalın saytında qeyd olunan məlumata görə, “Min bir gecə” baletinin 3 sentyabrdakı tamaşasına da biletlər öncədən alınaraq qurtarıb.