Müslüm Maqomayevin xatirəsi anılıb

Zəmanəmizin görkəmli müğənnisi, bəstəkar, Azərbaycanın və SSRİ-nin Xalq artisti Müslüm Maqomayev artıq 12 ildir ki, dünyadan köçüb. Hər il sənətkarın doğum günü – avqustun 17-də Moskvadakı abidəsi önündə və Bakıda – Fəxri xiyabandakı məzarı başında anım tədbirləri keçirilib. Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya da hər il dahi musiqiçinin məzarını ziyarət etmək üçün Bakıya gəlib.

Bu il məlum pandemiya səbəbindən anım tədbirlərini geniş miqyasda keçirmək mümkün olmayıb.

Müslüm Maqomayevin pərəstişkarları, dost və tanışları, Tamara Sinyavskaya, Musiqi və Mədəniyyət İrsi Fondunun qurucusu Araz Ağalarov Müslüm Maqomayevin bir vaxtlar yaşadığı evin qarşısındakı bağda, Yeliseyevski və Voznesenski küçələrinin kəsişməsində ucaldılan heykəli önünə toplaşaraq sənətkarı yad ediblər.

Çıxışlar zamanı bildirilib ki, əfsanəvi müğənni və bəstəkar 17 avqust 1942-ci ildə Bakıda anadan olub. Həyatda olsaydı, bu gün 78 yaşını qeyd edəcəkdi.

Vurğulanıb ki, milyonlarla insan bu istedadlı opera və estrada mahnılarının ifaçısı, həmçinin möhtəşəm mahnıların müəllifinin böyük uğurlarının şahidi olub. Müslüm Maqomayevin xatirəsi çoxmillətlidir. Görkəmli sənətkar, dünyanın ən yaxşı baritonlarından biri hələ sağlığında ən qiymətli mükafatı – dünya dinləyicilərinin sevgisini qazanmışdı. Onun repertuarına 600-dən çox əsər daxildir. Lakin Maqomayevin sənətə verdiyi bütün töhfələri dəyərləndirmək mümkün deyil – onun irsi əbədi olaraq gələcək nəsillərə hədiyyə olaraq qalacaq. Vəfatından neçə illər ötsə də, onun sənətinə olan sevgi nəsildən-nəslə keçərək əsrlər boyu gələcəyə ötürüləcək.

LALƏ