Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi, azərbaycanlı və ispaniyalı ifaçıların iştirakı ilə musiqi layihəsi gerçəkləşib. Birgə layihədə görkəmli bəstəkar, Xalq artisti Səid Rüstəmovun bayatılara bəstələdiyi “Gəl” mahnısının caz-muğam versiyası təqdim edilib.

Layihədə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin klassik fortepiano və bəstəkarlıq sinfinin şagirdi, beynəlxalq festivalların iştirakçısı 11 yaşlı Məhəmməd Allahverdiyev (piano və vokal) və etno-caz üslubunda improvizələri ilə tanınmış ispaniyalı ifaçı Melon Jimenez (gitara) çıxış edib.

Layihənin yaradıcı heyətinə Xalq artisti, xanəndə Teyyub Aslanov, tanınmış pianoçu, bəstəkar və aranjimançı Etibar Əsədli, prodüser Nurlan Həsənzadə, operator Pərviz Niyazoğlu və başqaları daxildir.

Azərbaycan və ispan musiqisinin ritmləri ilə cilvələnərək muğam və cazın elementlərini özündə birləşdirən yeni kompozisiya bir daha mədəniyyətin sərhəd tanımadığını və musiqinin bütün dillərdə anlaşıqlı olduğunu ifadə edir.