XX əsr Azərbaycan tar ifaçılığında Xalq artisti Həbib Bayramovun (1926-1994) xüsusi yeri var. Uzun illər  tanınmış xanəndələri müşayiət edən, ansamblda aparıcı solist olan mahir tarzən, həmçinin solo ifaçı kimi muğamsevərlərin qəlbində əbədi yaşamaq haqqı qazanıb.

Sənətkarın lentə yazdırdığı “Xaric segah”, “Çahargah”, “Humayun”, “Orta mahur”, “Bayatı-Qacar” muğamlarının ifasını dinləyərkən yəqin edirsən ki, onun çaldığı musiqi ürəkdən keçib gəlir. Görkəmli tarzənin çalğısı dinləyicini düşündürür, onun qəlbini lirik, səmimi hisslərlə zənginləşdirir. Musiqisevərlər onun ifasında Azərbaycan muğam və rənglərinin, rəqslərinin, bəstəkarlarımızın əsərlərinin lent yazılarını bu gün də həvəslə, sevə-sevə dinləyirlər. Sənətkarın ifasında bir-birini təkrar etməyən xallar, əhəmiyyətli əlavələrlə həmişə sənətsevərlərin diqqətini cəlb edib, dinləyicilərin estetik zövqünü oxşayıb.

Bəlkə də çoxları vaxtilə Həbib Bayramovun gözəl saz çalmağından xəbərsizdir. Vaxtilə sazda ifa etdiyi “Segah”, “Humayun”, “Bayatı-Qacar” muğamları radionun “qızıl fond”unda saxlanılır. “Sazçı qızlar” ansamblının solisti mərhum xanəndə Arif Məmmədovun səsi batdığı üçün Ə.Bakıxanovun ansamblında saz çalırmış. Sonralar onun əvəzinə ansamblda saz partiyalarını Həbib Bayramov ifa etməli olub. Həbib Bayramov Bülbül, Xan Şuşinski, Zülfi Adıgözəlov, Ağabala Abdullayev, Yavər Kələntərli, Əlövsət Sadıqov, Həqiqət Rzayeva, Mütəllim Mütəllimov, Şövkət Ələkbərova, Əbülfət Əliyev, Rübabə Muradova, Zeynəb Xanlarova, Yaqub Məmmədov, Sara Qədimova kimi sənətkarlarla birgə çalışıb və bu gün həmin lent yazıları musiqi, muğam tariximizin parlaq səhifələri sayılır.

Avqustun 15-i unudulmaz tarzənin anım günü idi. Vaxtilə onunla çiyin-çiyinə çalışmış sənətkarlar Həbib Bayramovu yad edərək xatirələrini bölüşdülər.

Xalq artisti, tarzən Möhlət Müslümov:

- Mən tarı əlimə alan gündən Həbib müəllimi təqlid etmişəm. İlk dəfə onu görəndə 15 yaşım var idi... arxasınca nə qədər yol getmişdim. Baxırdım görüm, Həbib müəllim tarı əlində necə tutub aparır, necə geyinib, yerişi-duruşu necədir? 30-a yaxın yaşım var idi. Kamança ifaçısı Fəxrəddin Dadaşov Həbib müəllimin ansamblında çalışırdı. Bir gün gəlib mənə dedi ki, Həbib müəllim səni görüb bəyənib və ansambla çağırır. Fəxrəddin onunla 16 yaşından çalışıb. Bilirsiniz ki, Həbib müəllim rəhmətə gedəndən sonra onun rəhbərlik etdiyi ansambl mənə həvalə edilib və bu da Həbib müəllimin öz arzusu idi. Çünki vaxtilə ansambl Həbib müəllimə də görkəmli sənətkarımız Əhməd Bakıxanovdan yadigar qalmışdı. Bu gün Əhməd Bakıxanovun adını daşıyan Xalq Çalğı Alətləri  Ansamblına bir vaxtlar Əhməd müəllim özü, daha sonra Həbib müəllim rəhbərlik etmişdi. Hər iki sənətkarımızın dövründə ansambl hansı formada inkişaf yolu keçib, hansı səs tembri olub (ansamblın vahid bir səs tembri olmalıdır) onu bərpa etmək üçün çalışdım və bunu bacardım. İndiyə kimi də çalışıram ki, kollektivin şərəfini qoruyub saxlayım. Elə bilirəm ki, Həbib müəllimin ruhu şaddır. Çünki onun qoyduğu ənənələri çalışıram layiqincə davam etdirim. Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Əhməd Bakıxanov və nəhayət, Həbib müəllim kimi sənətkarların adı var bu ansamblın tarixində. Mən bu ansamblın üçüncü rəhbəri oldum və düşünürəm ki, hər hansı bir dəyişiklik etsəydim, onların ruhu məni bağışlamazdı...

 

Xalq artisti, bəstəkar Tofiq Bakıxanov:

- Həbib Bayramovu gənc yaşlarından tanıyırdım. O, eyni zamanda atam Əhməd Bakıxanovun sevimli tələbələrindən idi. Xatirəmdə qalan bir hadisəni danışım. Həbib müəllim erkən yaşlarından yaxşı yaddaşa malik olduğuna görə üç aya nəzərdə tutulmuş dərsi bir ay müddətində yerinə yetirə bilirdi. Təkcə muğamatlar çalmaqla kifayətlənmirdi. Yaxşı yadımdadır ki, o, Musiqi Texnikumunda təhsil alanda dövlət imtahanında Mendelsonun konsertini tarda gözəl ifa etdi. Bir gün atam görür ki, Həbibin barmaqları qabar-qabardır. Soruşur ki, niyə barmaqları bu kökdədir. Həbib cavabında deyir: “Ailəmizin böyük uşağı olduğum üçün atam məni yanında işə düzəldib ki, evimizə kömək edim”. Həbibin atasının iş yeri texnikumun yaxınlığında idi. Orada atlar üçün yəhər düzəldirdilər.

Bir gün atam oraya gedir və Həbibin atasından soruşur ki, sən bu uşağa aylıq nə qədər maaş verirsən? O, cavabında 120 manat verdiyini bildirir. Onda atam ona deyir: “Sən icazə ver, mən Həbibi çalışdığım ansamblda işə düzəldim və ayda ona 150 manat yazdırım”. Atası bu söhbətə razılaşandan sonra Həbib tələbə ikən musiqiçi kimi ansamblda fəaliyyət göstərməyə başlayır.

Həbib Bayramov muğamlarımızı, xalq və bəstəkar mahnılarını ifa etdiyi kimi, klassik əsərləri də yaxşı səsləndirirdi. Mən texnikumun hesabat konsertlərində dəfələrlə Həbibin çalğısının şahidi olmuşam. Onun ifasında səslənən əsərlər dinləyicilər tərəfindən böyük uğurla qarşılanırdı. Böyük Vətən müharibəsindən sonra Praqa şəhərində keçirilən Beynəlxalq Gənclər Festivalında tarzən Əlikram Hüseynov, Berlində Həbib Bayramov, Moskvada isə Oqtay Quliyev uğurlu çıxışlarına görə laureat adına layiq görüldülər. Adıçəkilən ifaçıların üçü də muğamla çıxış etmişdilər. Həmin ifaçılar da Əhməd Bakıxanovun tələbələri idi. Həbib hələ gənc ikən musiqi təhsili aldığı zaman müəllimindən muğamları mükəmməl öyrənmişdi. O, bütünlüklə muğama aid olan incəlikləri, sirləri mənimsəyərək özünün ifaçılıq sənətində istifadə edirdi. Atam dünyasını dəyişəndən sonra həmin ansambla Əhməd Bakıxanovun adı verildi, onun bədii rəhbəri isə Həbib Bayramov təyin edildi. Həbib Bayramov ömrünün axırına kimi ansamblı yaşatdı.

 

Bu gün xatirələrdə işıqlı insan kimi yaşayan Həbib Bayramov hər zaman sənətini yüksək ifaçılıq mədəniyyəti ilə fərqləndirməyə çalışıb. O təkcə öz ifaçılığını sevdirmədi, həm də tarı milli musiqi aləti kimi daha da sevdirdi. Muğam sənəti, tar ifaçılığı var olduqca Həbib Bayramov da xatırlanacaq.

Lalə AZƏRİ